Çirlənmiş torpaqların təmizlənməsi istiqamətində işlər aparılır

Çirlənmiş torpaqların təmizlənməsi istiqamətində işlər aparılır

Azərbaycan Milli Elmlər Akademiyası akademik Ə.M.Quliyev adına Aşqarlar Kimyası İnstitutunda neft və ağır metallarla çirklənmiş torpaqların mikrobioloji üsulla təmizlənməsi üçün müvаfiq prepаrаtlаrın biоteхnоlоgiyаsının işlənib hаzırlаnmаsını nəzərdə tutan məqsədyönlü elmi tədqiqatlar davam etdirilir. İnstitutdan SİA-ya verilən xəbərə görə, işlər Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Elm Fondunun dəstəyi ilə "Neft və ağır metallarla çirklənmiş torpaqların təmizlənməsi" adlı layihə çərçivəsində həyata keçirilir.

2014-cü ilin oktyabr ayında yekunlaşacaq 2 illik layihənin rəhbəri İnstitutun direktoru, akademik Vaqif Fərzəliyev bildirib ki, layihənin məqsədinə uyğun olaraq neft və ağır metallarla çirklənmiş torpaq nümunələri Abşeron yarımadasında yerləşən Buzovna-Maştağa və Qala sahələrindən götürülüb: "Tədqiqatın ilkin mərhələsində çirklənmiş ərazilərdən torpaq nümunələri götürülərək, onların fiziki-kimyəvi və mikrobioloji xassələri təyin edilib. Neft və ağır metallarla çirklənmiş ərazilərin müəyyənləşdirilməsi ilə yanaşı həmin ərazilərdə məskunlaşmış səmərəli bitki növlərinin– metal akkumulyatorlarının, həm də bu torpaq-iqlim şəraiti üçün səciyyəvi olan aktiv mikroorqanizm- destruktorların axtarışı aparılmışdır. Bütün nümunələrdə neftin miqdarı (3,85%, 6,6%, 7,2%, 12,2%), bəzi ağır metalların miqdarı (Buzovna-Maştağa (Ba-76 %; Cd-0,53 %; Cu-7,8 %); Qala (Ba-120 %; Cd-0,2 %; Cu-12,2 %), fiziki-kimyəvi (nəmlik, pH) və mikrobioloji göstəricilər müəyyən olunub".

V. Fərzəliyev vurğulayıb ki, tədqiqatların nəticəsindən görünür ki, xam (ilkin) neftdən fərqli olaraq neft çirklənmələrinin ekstraktları yüngül fraksiyalara malik deyil və daha yüksək sıxlıqla xarakterizə olunur: "İqlim-ekologiya amillərinin təsiri nəticəsində neftin fraksiya tərkibində dəyişikliklər baş verir. İlkin neftlə müqayisədə ekstraktların sıxlığının artması, çox güman ki, onların tərkibində olan yüngül karbohidrogenlərin azalması və qətran maddələrinin artması hesabına baş verir".

Akademik qeyd edib ki, laboratoriya şəraitində aparılan tədqiqatlar nəticəsində Qala və Buzovna yataqları torpaqlarının neft çirklənmələrindən effektiv təmizlənməsi üçün mikroorqanizm və bitkidən ibarət rasional kompleks təklif olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə