Elmi ekspedisiyaların təşkili ilə bağlı Nazirlər Kabinetinə layihələr təqdim ediləcək

Elmi ekspedisiyaların təşkili ilə bağlı Nazirlər Kabinetinə layihələr təqdim ediləcək

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin bugünkü iclasında "AMEA-nın elmi müəssisə və təşkilatları tərəfindən elmi ekspedisiyaların təşkili və aparılması Qaydaları"nın və "AMEA-nın elmi müəssisə və təşkilatları tərəfindən aparılan elmi ekspedisiya işləri üzrə xərc normaları"nın layihələri təsdiq olunub. SİA-nın xəbərinə görə, Rəyasət Heyətinin qərarı ilə hər iki layihə təsdiq edilmək üçün Nazirlər Kabinetinə təqdim olunacaq.

İclasda bildirilib ki, AMEA-da elmi fəaliyyətin təşkili və idarə olunması istiqamətində aparılan islahatlar qurumun elmi müəssisə və təşkilatları tərəfindən həyata keçirilən ekspedisiya elmi-tədqiqat işlərinin də səmərəsinin artırılmasını tələb edir. Lakin ekspedisiyalarla bağlı mövcud normativ-hüquqi bazanın müasir standartlara cavab verməməsi elmi ekspedisiyaların təşkilində və həyata keçirilməsində müəyyən çətinliklər yaradır. Bunu nəzərə alan AMEA prezidenti, akademik Akif Əlizadə "Ekspedisiya elmi-tədqiqat işləri haqqında Əsasnamə"nin hazırlanması barədə sərəncam imzalayıb.

AMEA Rəyasət Heyətinin bugünkü iclasında sərəncamın icrası ilə əlaqədar hazırlanmış ekspedisiya elmi-tədqiqat işləri haqqında normativ sənədlərin layihələri müzakirə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə