Əmrah Yazıcı: "Azərbaycanda mətbuatın fəaliyyəti üçün hər cür şərait yaradılıb" MÜSAHİBƏ
TRT-nin Bakı təmsilçisi Əmrah Timuçun Yazıcının SİA-ya müsahibəsi
- Bu ilin may ayında TRT 50 yaşını qeyd edəcək. Bəlkə 50 ilə qısa da olsa bir nəzər yetirək?
- Türkiyə televiziya və radio yayımına TRT ilə başladı, deyə bilərik. Söylədiyiniz kimi TRT düz 50 il bundan qabaq Ankarada kiçik bir studiyada yayıma başlayıb. Həqiqətən də o zaman kiçik bir studiyamız var idi. İmkanlar o qədər də əlverişli deyildi. Lakin buna baxmayaraq əməkdaşlar kiçik imkanlarla çox böyük işlər görüblər və bizə miras buraxıblar. O zaman kiçik bir studiyada fəaliyyətə başlayan TRT bu gün 15 televiziya kanalı ilə 35 dil və ləhçədə yayıma çıxır. Bu gün dünyanın 3 ən böyük televiziyalarından biri də TRT-dir. Təbii ki, kanalın bugünkü inkişafı o zamankı çətinliklərin bəhrəsidir. TRT-nin 15 kanalının hər biri fərqli istiqamət və müxtəlif türk, ərəb, kürd dillərində yayımlanır. Bu il içərisində yeni bir kanalımız da açılacaq və bu kanal vasitəsilə TRT ingilis dilində yayımlanacaq. Yeni kanalın avqust ayına qədər yayımlanması nəzərdə tutulur. Bununla da TRT bütün dünyada yayımlanmış olacaq. Bu çox məsuliyyətli işdir və artıq hər hansı bir səhvə yol verməyimiz imkansızdır. İngilis dilində yayımlanacaq kanalımız Əl-Cəzirə, BBC kimi dünya səviyyəli kanallarla yarışa biləcək bir kanal olacaq. TRT xəbər kanalı tək Türkiyədə deyil, həm də Avropada izlənən bir nömrəli kanaldır. Ötən il bu kanal üçün dünyada 3 dənə olan xüsusi bir studiya hazırladıq. Belə ki, 3 mərtəbədən ibarət olan studiyanın 4 tərəfi monitorlarla əhatə olunub. Bununla bərabər digər studiyalarımızı da yeniləmişik. TRT çox böyük bir qurumdur, 7 mindən artıq əməkdaşımız var. Bir sözlə, çox iddialıyıq və dünya kanalları içərisində bizdə varıq, deyirik.
- 50 illik yubileyinizlə bağlı hansı işlər görməyi planlaşdırırsınız?
- Yubileylə bağlı həm Türkiyədə, həm də Bakıda bir çox işlər görməyi planlaşdırırıq. Biz 4 ildir ki, üzərində işlədiyimiz vaqon muzeyi yaratmışıq. Həmin vaqonun içərisinə 1964-cü ildən bu günə qədər istifadə etdiyimiz bəzi avadanlıqları qoymuşuq. Belə ki, muzeydə həm o dövrün, həm də hazırda işlətdiyimiz müasir avadanlıqlar yer alıb. Muzeyi ziyarət edənlər TRT-nin 50 illik fəaliyyəti ilə yaxından tanış olacaq. Bu vaqon Türkiyənin 20 rayonunu gəzəcək və hər rayonda da bir neçə həftə qalacaq. Həmçinin yubileylə bağlı konsertlər təşkil etməyi də nəzərdə tutmuşuq. Belə ki, vaqon hansı bölgədə olacaqsa həmin bölgənin tamaşaçıları üçün Türkiyənin tanınmış müğənnilərindən birinin konserti təşkil olunacaq. Yubileylə bağlı ölkədən kənarda da tədbirlər keçirməyi nəzərdə tutmuşuq. Azərbaycanda bununla bağlı 3-4 tədbir keçirməyi planlaşdırırıq. Burada həm konsert keçirməyi, həm də TRT ilə bağlı muzey təşkil etməyi də düşünürük.
- TRT-nin türkdilli dövlətlərin televiziyaları ilə ortaq yayımı olduğunu bilirik. Kanalın yaxın zamanlarda daha hansı ortaq layihələri nəzərdə tutulur?
- Biz Türk dünyasına xüsusi önəm veririk. Buna görə də bizim TRT-Avaz kanalımız var. Avaz sözü bütün türk dünyasında səs mənasını daşıyır. Kanalın adını TRT Avaz qoymaqla bildirdik ki, bu kanal bütün türk dünyasının səsi olacaq. Artıq 3 ildir ki, bu kanal fəaliyyət göstərir. Kanal 8 dildə yayımlansa da Azərbaycanın bizim üçün xüsusi yeri var. Bu səbəbdən də kanalın gün ərzində yayımının 6 saatlıq hissəsi Azərbaycan dilində efirə gedir. Hansı ki, kanalın günlük yayımında türk dilindən o qədər istifadə edilmir. Bu 6 saatın içərisində seriallar, Azərbaycan dilində hava məlumatı və verilişlər və digər məlumatlar yer alıb. Hazırda Bakıdan Türkiyəyə 15-ə yaxın veriliş yayımlanır. Hazırda yeni "Röya Kimi" adlı layihə üzərində işləyirik. Bu layihə fərqli olacaq. Veriliş vasitəsilə bir azərbaycanlının evini tamamilə dəyişdirəcək, dizayn edəcəyik. Layihə vasitəsilə ev təmir olunacaq. Daha sonra evin yumşaq mebelindən tutmuş digər ev əşyaları tamamilə yenilənəcək. Həqiqətən də çox iddialı bir layihədir. Layihədə iştirak etmək istəyənlər forum dolduraraq TRTbakü[email protected] göndərə bilərlər".
- Azərbaycanla bağlı daha hansı layihələriniz var?
- Sevinclər paylaşdıqca çoxalır, kədərlər paylaşdıqca azalır prinsipi ilə fəaliyyət göstəririk. Bu prinsipə uyğun olaraq da Azərbaycanla olan münasibətlərimizi bu cür qurmuşuq. Belə ki, biz Azərbaycanın bütün sevincli və kədərli günlərində onların yanında olmağa çalışırıq. Belə ki, bu yaxınlarda Azərbaycanda qanlı 20 Yanvar faciəsi anıldı. Biz də bu kədərə şərik olaraq həmin gün Şəhidlər Xiyabanından 3 saatlıq canlı yayıma çıxdıq. Bu yayım vasitəsilə Ankaraya, İstanbula həmçinin dünya yayımına qoşularaq Azərbaycanın haqlı tələblərini dünya ölkələrinə çatdırmağa çalışdıq. Qarşıdan 26 fevral Xocalı Soyqırımının anım günü gəlir. Bu gündə də fəaliyyətimizi eyni şəkildə quracaq, faciə ilə bağlı sənədli filmlər, xüsusi xəbər buraxılışları təqdim edəcəyik. Ən əsası da odur ki, biz məlumatları internet vasitəsilə 35 dildə və ləhçədə dünya ölkələrinə yayımlayacağıq. Azərbaycanla bağlı digər layihəmiz televiziya kanalları ilə musiqi, mədəniyyət, idman istiqamətləri ilə bağlı ortaq yayımlara çıxmaqdır. Hazırda bununla bağlı danışıqlar gedir. 3 proqram üzərində düşünürük. TRT-Avaz Türk dünyası ilə yanaşı, həm də Azərbaycanın kanalıdır. Azərbaycanlıları bu kanalı izləməyə dəvət edirik.
- Azərbaycan mətbuatını necə dəyərləndirirsiniz və iki ölkə mətbuatları arasında hansı fərqlər mövcuddur?
- İki il bundan əvvəl Azərbaycana müxbir kimi işləmək üçün təyinat aldım. İlk dəfə Azərbaycan mətbuatı ilə Milli Məclisdə tanış oldum. O zaman Azərbaycan jurnalistlərinin nə dərəcədə səmimi və mehriban olduğunu gördüm. Hər kəs mənə kömək etməyə çalışırdı. O zaman orada gözlərim doldu və söylədim ki, nə yaxşı ki mənim təyinatım məhz Azərbaycana verilib. TRT-nin 150 ölkəsində təmsilçiliyi var və mənim təyinatım başqa ölkələrə də çıxa bilərdi. Azərbaycanda jurnalistlər və operatorlar arasında o qədər dostluq, mehribançılıq, birlik münasibətləri var ki, mən Türkiyədə o dostluğu, birliyi görməmişəm. Misal üçün Azərbaycanda əgər bir operator hər hansı bir kadrı çəkə bilməyibsə, digər mətbuat orqanının operatoru ona kömək etməyə çalışır. Həmçinin də jurnalistlər. Lakin Türkiyədə bunu görmək mümkün deyil. Orada jurnalist və operatorlar yalnız öz işlərini düşünür və fikirləşirlər ki, necə edim digər kanalı geridə qoyum. Amma Azərbaycan jurnalistlərində qəti şəkildə bu cür fikirlər yoxdur. Onların birliyi hər şeydən önəmlidir. Mən bunu müsbət qarşılayıram və düşünürəm ki, Azərbaycan bu istiqamətdə uğur əldə etməyi bacarıb. O ki qaldı Türkiyə ilə Azərbaycan mətbuatı arasında fərqə əlbəttə ki, Türkiyədə vəziyyət tamamilə başqadır. Orada gündəm gün ərzində 5 dəfə dəyişə bilər. Oranın bir günlük gündəmi bəlkə də Azərbaycanın bir həftəlik gündəminə bərabərdir. Çünki, Türkiyə çox böyük şəhər olduğundan orada tez-tez hadisələr baş verir. Bu da Türkiyədəki jurnalistlər üçün həm üstünlük, həm də mənfidir. Müsbət tərəfi odur ki, onlar gündəm tapmaqda çətinlik çəkmirlər, mənfi tərəfi isə gecə-gündüzləri olmur, bəzən elə olur ki, günlərlə, saatlarla küçədə qalmalı olurlar.
- Artıq 2 ildir ki, ölkəmizdə fəaliyyət göstərirsiniz. Burada mətbuata göstərilən diqqət və qayğını necə qiymətləndirirsiniz?
- Mən ilk dəfə Azərbaycana təyin olduğumda bir az həyəcanlı idim. Mənə deyirdilər ki, Sovetlər Birliyindən ayrılan bir ölkələrdə məlumat almaqda çətinliklər var. Lakin burada gəlib fəaliyyət göstərdikdə tam əksini gördüm. Heç də deyilənlər kimi olmadı. Hətta mən cəbhə xəttinə qədər getmişəm. Burada da mətbuat azadlığı, mətbuata yaradılan şərait Türkiyədəki kimidir. Mətbuatın fəaliyyəti üçün hər cür şərait yaradılıb, heç bir maneə yoxdur. Əvvəlcədən lazım olan icazələr alınandan sonra Azərbaycanda hər kəs çox rahat şəkildə fəaliyyət göstərə bilir. Azərbaycanda fəaliyyət göstərdiyimi 2 il müddətində heç bir sıxıntım olmadı. Buna görə, hər kəsə çox təşəkkür edirəm.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB