Qeyri-səlis məntiqin banisinin 93 yaşı tamam olur

Qeyri-səlis məntiqin banisinin 93 yaşı tamam olur

Dünya şöhrətli riyaziyyatçı, mühəndis və alim, Kaliforniyadakı Berkli Universitetinin professoru, bizim daha çox Lütfi Zadə kimi tanıdığımız Lütfəli Ələsgərzadə 1921-ci il fevralın 4-də Bakıda jurnalist Rəhim Ələsgərzadənin və həkim-pediatr Fanya Korimanın ailəsində anadan olub.
L.Zadə 6 fundamental nəzəriyyənin müəllifidir, lakin ona dünya şöhrəti gətirən qeyri-səlis məntiq nəzəriyyəsi (Fuzzy Logic) olub. Onun inqilabi nəzəriyyəsi Aristotelin ikirəqəmli (binar) məntiqinin əsaslarını dağıdıb, bu nəzəriyyədən iqtisadiyyat, psixologiya, linqvistika, siyasət, fəlsəfə, sosiologiya və din məsələlərində, münaqişəli vəziyyətlərdə geniş istifadə etməyə başlayıblar.
1932-ci ildə Ələsgərzadələr ailəsi İrana köçür. Lütfizadə burada "Alborz High School"da və Tehran Universitetində təhsil alır, universiteti bitirəndən sonra atasının yanında, İranda dislokasiya edilmiş Amerika qoşunları üçün tikinti materialları təchizatçısı vəzifəsində işləyib. L.Zadə hələ məktəbdə oxuyarkən gələcək həyat yoldaşı Fanya Zand ilə tanış olub. Onlar evlənəndən sonra L.Zadənin xanımı Fey Zadə ad-soyadını qəbul edib. Uzun illərdən sonra F.Zadə öz ərinin ən tam bioqrafiyasının – "Qeyri-səlis məntiqin banisi ilə mənim həyatım və səyahətlərim" kitabının müəllifi olub.
1944-cü il iyul ayında L.Zadə ailəsi ilə birlikdə Birləşmiş Ştatlara köçür və həmin ilin sentyabr ayında Massaçusets Texnoloji İnstitutuna daxil olur. 1946-cı ildə elektrik mühəndisliyi sahəsində magistr diplomu alır.
L.Zadəyə beynəlxalq birlikdə şöhrət gətirən ilk elmi işi qeyri-stasionar zəncirlərin tezlik analizinə həsr edilmişdi. 1957-ci ildə o, elektrik mühəndisliyi sahəsində Kolumbiya Universitetinin professoru olur və kibernetikanın banisi sayılan məşhur alim Norbert Vinerin zəmanəti ilə Kaliforniyaya köçərək orada Berkli Universitetində kompyuter elmləri və elektrotexnika kafedrasına rəhbərlik edir. Altı ildən sonra L.Zadənin təklif etdiyi vəziyyətlər məkanı nəzəriyyəsi idarəetmə nəzəriyyəsində əsaslı dəyişikliyə səbəb olur. O, Çarlz Dezoir ilə birlikdə "Xətti sistemlər nəzəriyyəsi" adlı kitab yazır.
XX əsrin 60-cı illərinin ortalarında Lütfi Zadə sistemlər nəzəriyyəsi, avtomatik idarəetmə nəzəriyyəsi və bu nəzəriyyələrin tətbiqi sahəsində ən məşhur mütəxəssislərdən birinə çevrilir. 1965-ci ildə dərc etdirdiyi qeyri-səlis çoxluqlar nəzəriyyəsinə aid məqalə isə onu bütün dünyada məşhurlaşdırır. Müəllif bu məqalədə qeyri-səlis çoxluqlar nəzəriyyəsinin riyazi aparatını şərh edib. Böyük əks-səda doğurmuş bu əsər elmdə yeni bir istiqamətin əsasını qoyub.
1973-cü ildə L.Zadə qeyri-səlis məntiq nəzəriyyəsini, daha sonra "yumşaq hesablamalar" (soft computing) nəzəriyyəsini, həmçinin verbal hesablamalar və təsvirlər (computing with words and perceptions) nəzəriyyəsini təklif edib.
L.Zadə öz müsahibələrində tez-tez qeyd edir ki, azərbaycanlı olması ilə həmişə fəxr edib. 2008-ci ildə o, Bakıda keçirilən XIV Azərbaycan beynəlxalq informasiya texnologiyaları sərgisində ("BakuTel 2008") iştirak etmək üçün doğma Bakıya gəlib.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 7 fevral 2011-ci il tarixli Sərəncamı ilə Lütfi Zadə (Lütfi Rəhim oğlu Ələsgərzadə) "Elm və texnologiyaların inkişafına verdiyi töhfələrlə mədəniyyətlərarası dialoqun qurulmasında göstərdiyi görkəmli xidmətlərinə görə" "Dostluq" ordeni ilə təltif edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə