Penitensiar Xidmət: "Elçin Behbudovun fikirləri həqiqətə ziddir"

Penitensiar Xidmət: "Elçin Behbudovun fikirləri həqiqətə ziddir"

Son vaxtlar "İşgəncələrə Qarşı Azərbaycan Komitəsi"nin sədri Elçin Behbudov bəzi kütləvi informasiya vasitələrində Ədliyyə Nazirliyinin Penitensiar xidməti tərəfindən cəzaçəkmə müəssisələrində və istintaq təcridxanalarında başçəkmələrə icazə verilməməsi ilə bağlı bəyanatlarla çıxış edir. Bu bəyanatlarda penitensiar müəssisələrdə və istintaq təcridxanalarında saxlanılan şəxslərdən guya komitəyə çoxsaylı şikayətlərin daxil olduğu, lakin onların araşdırılmasına imkan verilmədiyi, istənilən cəzaçəkmə müəssisəsində xəbərdarlıq etmədən qəfil monitorinqlər aparılmasına şərait yaradılmaması barədə həqiqətə uyğun olmayan fikirlər səsləndirilir. SİA-nın məlumatına görə, bunu Ədliyyə Nazirliyinin Penitensiar xidməti yaydığı açıqlamada bildirib.

Açıqlamada deyilir: "İlk növbədə qeyd olunmalıdır ki, cəzaçəkmə müəssisələri və istintaq təcridxanaları xüsusi buraxılış və saxlanma rejimində fəaliyyət göstərən qurumlardır. Bu qurumlara daxil olma, hər hansı tədbirlərin keçirilməsi müvafiq hüquqi normativ aktlarla tənzimlənir. Bununla bağlı qeyri-hökumət təşkilatları nümayəndələrinin əvvəlcədən xəbərdar etmədən penitensiar müəssisələrə daxil olmaları, ictimai nəzarət adı altında qəfil monitorinqlər keçirmələri mövcud qanunvericiliyə ziddir. Eyni zamanda qanunvericiliyə uyğun olaraq Azərbaycan Respublikasının İnsan Hüquqları Üzrə Müvəkkili, Milli Preventiv qrupun üzvləri, Beynəlxalq Qırmızı Xaç Komitəsi və hər il seçki yolu ilə qeyri-hökumət təşkilatlarının üzvlərindən formalaşdırılan Ədliyyə Naziri yanında fəaliyyət göstərən İctimai Komitənin nümayəndələri penitensiar müəssisələrə istənilən vaxt baş çəkir, monitorinqlər keçirir, ayrı-ayrı məhkumları təklikdə qəbul edir və müvafiq hesabatlar tərtib edirlər. Qeyd olunan təşkilatlar, habelə ATƏT, Avropa Şurası və Avropa İttifaqıının ölkəmizdəki nümayəndələri təkcə 2013-cü il ərzində penitensiar müəssisələrə 228 başçəkmə həyata keçiriblər.

İşgəncələr Əleyhinə Avropa Komitəsinin nümayəndələri (CPT) mütəmadi olaraq Azərbaycan Respublikasına səfərləri çərçivəsində Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin tabe qurumlarına da baş çəkir və cəza çəkənləri təklikdə qəbul edirlər. Başçəkmələr zamanı adları qeyd olunan təşkilatlara məhkumlar və təqsirləndirilən şəxslər tərəfindən onlara qarşı qeyri-insani, ləyaqəti alçaldan rəftar və ya işgəncə halları ilə bağlı heç bir şikayət daxil olmayıb.

"İşgəncələrə Qarşı Azərbaycan Komitəsi"nin sədri Elçin Behbudovun kütləvi informasiya vasitələrində Ədliyyə Nazirliyinin Penitensiar xidməti ilə bağlı bəyanatlarındakı fikirlər həqiqətə ziddir və ictimai fikri çaşdırmağa yönəlmişdir. Bu kimi bəyanatlar xidmətin fəaliyyətində aşkarlığın və şəffaflığın təmin olunması məqsədi ilə hüquq-müdafiə təşkilatları, müxtəlif ictimai birliklər və qeyri-hökumət təşkilatları ilə həyata keçirilən əməkdaşlığa kölgə sala bilməz".

Bütün xəbərlər Facebook səhifəmizdə