“İnternet medianın informasiya təhlükəsizliyi” müzakirə olunub FOTOLAR

“İnternet medianın informasiya təhlükəsizliyi” müzakirə olunub FOTOLAR

Bu gün "İnternet medianın informasiya təhlükəsizliyi" mövzusunda dəyirmi masa keçirilib. SİA-nın xəbərinə görə, tədbir Azərbaycan İnternet Forumu (AİF), Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) yanında Elektron Təhlükəsizlik Mərkəzi və Mətbuat Şurasının birgə təşkilatçılığı ilə baş tutub.

Çıxış edən Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib ki, tədbirin keçirilməsində məqsəd ölkədə İnternet media sektorunda kibertəhlükəsizlik, mövcud və yarana biləcək kibertəhlükələr və onların aradan qaldırılması yolları ətrafında informasiya mühitini inkişaf etdirməkdir: "Prezident tərəfindən dövlət və qeyri-dövlət sektorunda informasiya təhlükəsizliyi ilə bağlı qurumlar yaradılıb. Qeyri-dövlət sektorunda informasiya təhlükəsizliyi ilə bağlı Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzi təsis edilib".

Daha sonra çıxış edən Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Vüqar Əliyev deyib ki, qloballaşan dünyada internet medianın rolu artır: "Dövlət siyasətinin prioritetlərindən biri də məhz informasiyanın azad dövriyyəsinin təmin edilməsi, bu prosesin əsas aləti kimi KİV-in sərbəst fəaliyyətinə zəruri şəraitin yaradılmasıdır. Bu gün Azərbaycanda siyasi, iqtisadi, sosial, mədəni və digər sahələri əhatə edən 300-ə yaxın aktiv portal, xəbər sayğı və internet informasiya resursu fəaliyyət göstərir. Qarşıda duran vəzifələrdən biri bütövlükdə dövlətin informasiya təhlükəsizliyinin, eləcə də milli internet məkanının, onlayn medianın təhlükəsizliyinin təmin edilməsidir".

Mətbuat Şurasının sədri Əflatun Amaşov isə internetin meydana gəlməsi ilə dünyada fikirləri dəyişdiyini nəzərə çatdırıb: "Dünya informasiya ilə idarə olunur. Dünyada o ölkə güclü sayılır ki, orada informasiya sahəsi sürətli inkişaf edir. Azərbaycanda insanların 40 faizə qədəri informasiyanı internet vasitəsi ilə əldə edirlər. 2020-ci ilə qədər informasiya mənbələri əsasən internet vasitələri sayılacaq. Ötən il Azərbaycanda 170-ə yaxın xəbər portalı yaranıb. Azərbaycanda 2 günə bir və ya iki xəbər portalı yaranır. Bu məsələ daim Mətbuat Şurasının diqqətindədir. Eyni zamanda, internet resursları ilə bağlı komissiya da yaradılıb. Komissiya hətta 2014-cü ili "İnformasiya ili" elan edib. Bunu əsas götürərək internet resursları ilə bağlı bir çox tədbirlər keçiriləcək. Bizi xəbər portallarında jurnalistlərin etik qaydalara nə qədər riayət etməsi maraqlandırır. Nəzərdə tutulub ki, hər ayın sonu həmin saytların monitorinqi keçirilsin və nəticələr bütün mətbuata açıqlansın".

Ə.Amaşov həmçinin yazılı mediada etik normaları pozmağa meylli şəxslərin internet resurslarda fəaliyyətə başladığını və bununla bağlı Mətbuat Şurasına kifayət qədər şikayətlər daxil olduğunu açıqlayıb: "Buna görə də internet media orqanları Mətbuat Şurasına üzv qəbul edilir. Artıq 10 internet media orqanı üzv qəbul edilib, hazırda baxılmamış 30 ərizə var".

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yanında ETM-in rəhbəri Faiq Fərmanov hesab edir ki, məlumat təhlükəsizliyi mili təhlükəsizliyin tərkib hissəsi kimi qiymətləndirilməlidir.

Tədbirdə qeyri-dövlət sektorunda informasiya təhlükəsizliyi məsələlərinə cavabdeh dövlət qurumu olan Elektron Təhlükəsizlik Mərkəzinin informasiya təhlükəsizliyinin qorunması istiqamətində gördüyü işlər və gələcək fəaliyyət istiqamətləri haqqında məlumatlar verilib.

Dəyirmi masada ölkənin xəbər portallarına, İnternet media resurslarına virtual hücumlar, qanunsuz müdaxilələr və müxtəlif elektron təhlükələr və ondan qorunmaq yolları ətrafında müzakirələr aparılıb.

İnformasiya təhlükəsizliyi sahəsində ekspertlərin iştirakı ilə keçirilən tədbirdə İnternet Medianın informasiya təhlükəsizliyinin qorunması üçün zəruri olan tədbirlər haqqında tövsiyələr səsləndirilib.

Tədbirdə həmçinin, xəbər portalları və saytlarının redaktorları və təhlükəsizliklə bağlı məsul şəxslər iştirak edib.

Dəyirmi masada həmçinin sahə üzrə ekspertlər və mütəxəssislər də olub.

Bütün xəbərlər Facebook səhifəmizdə