Qərb bölgəsində yollar buz bağlayıb

Qərb bölgəsində yollar buz bağlayıb

Azərbaycanın qərb bölgəsi olan Ağstafa, Tovuz və Şəmkir rayonlarının magistral yolları buz bağlayıb. Bu baxımdan da rayonların yol istismar idarələri gücləndirilən iş rejiminə keçib. SİA-nın bölgə müxbirinin verdiyi xəbərə görə, son günlər qarın yağması avtomobil yollarında problemlər yaradıb və avtomobillərin hərəkətini çətinləşdirib. Buzlu yollar isə əsasən Tovuz şəhəri ərazisində müşahidə edilib.

Sürücülər yolların buz bağlamasından narahat olduqlarını, buzlu yollara duz və qumun tökülmədiyini deyiblər.

Tovuz rayon 25 saylı yol istismar idarəsinin rəisi Elman Məmmədov bildirib ki, qarlı, şaxtalı hava şəraiti ilə əlaqədar olaraq idarə gücləndirilən iş rejiminə keçib və hazırda yollarda heç bir problem yoxdur. İdarə rəisi həmçinin buz bağlamış Tovuz şəhəri yolunun, yol istismar idarəsinin nəzarətindən kənar olduğunu bildirib.

23 saylı Şəmkir rayon yol istismar idarəsi də gücləndirilən iş rejiminə keçib. İdarənin rəis müavini Tofiq Quliyev Şəmkir rayonu ərazisində yolların buzdan təmizləndiyini bildirib.

Qeyd edək ki, Tovuz rayon 25 saylı yol istismar idarəsi 37 km respublika əhəmiyyətli, 328 km isə yerli əhəmiyyətli yola xidmət edir. Şəmkir rayon 23 saylı yol istismar idarəsi isə 70 km respublika əhəmiyyətli, 281 km yerli əhəmiyyətli yola xidmət göstərir. Hər iki idarə qışa tam hazırdır.

Kamran Əskiparalı,
Tovuz

Bütün xəbərlər Facebook səhifəmizdə