“Əgər bir insan öz ölkəsini abad edə bilmirsə, başqa ölkə haqqında düşünməsi düzgün deyil” MÜSAHİBƏ

“Əgər bir insan öz ölkəsini abad edə bilmirsə, başqa ölkə haqqında düşünməsi düzgün deyil” MÜSAHİBƏ

İslam Demokrat Partiyasının sədri Tahir Abbaslının SİA-ya müsahibəsi

- Son zamanlar Azərbaycan gənclərinin Suriyaya döyüşlərdə iştirak edərək həlak olması dini baxımından nə dərəcədə düzgün sayılır?

- Son zaman bir qrup gənc bəzi cərəyanlara uyaraq özlərinə cihad etməklə dinə yaxın olduqlarını hesab edirlər. Lakin dinimizdə cihadla bağlı çoxlu sayda məlumatlar yazılıb. Qeyd olunur ki, insan uzunömürlü, sülhsevər, səbirli olmalıdır. Son günlər ölkəmizdə radikal cərəyanlar narahatlıqlar yaradıblar. Düzdür onlar nəyəsə təsir etmək imkanına malik olmasalar da müəyyən narahatlıqlar yaradırlar. Təbii ki, bu heç də xoşagələn hal deyil. Gənclərin bu cür cərəyanlara meyl etməsi dini baxımdan düzgün sayılmır.

- Azərbaycanda Qarabağ problemi olan bir vaxtda gənclərimizin Suriyanın daxili çəkişmələrində iştirak etməsi doğrudurmu?

- İnsan ilk növbədə, özünü, ailəsini, ictimaiyyəti, ölkəsini, dünya azərbaycanlılarını, türk dünyasını və daha sonra digər ölkələri islah etməlidir. Amma çox təəssüf ki bəzi gənclərə bu ardıcıllıqla deyil, birdən-birə müsəlman dünyasını düşünməyə məcbur edirlər. Lakin həmin gənclər düşünməlidirlər ki, əgər bir insan öz evini, ailəsini, ölkəsini abad edə bilmirsə, başqa ölkələrə gedərək onu abad etmək haqqında düşünməsi düzgün deyil. Dində də buyurulur ki, Vətən imandandır. İnsanlar vətəni sevməlidirlər. əgər bir şəxs vətənini sevmirsə, lakin dindədirsə, onu kamil imanlı hesab etmək olmaz. Bir dəstə gənclər müəyyən təsirə düşərək bu addımı atırlar. Ola bilsin ki, onlar bunun müqabilində həvəsləndirici nələrsə alırlar. Lakin bu heç bir halda bəyənilmir.

- Bəzi fikirlər var ki, gənclər Suriyaya bəzi dini icmalar tərəfindən yönəldilir. Onun qarşısının alınması istiqamətində nə kimi tədbirlər görülür?

- Azərbaycan artıq 20 ildən çoxdur ki, müstəqilliyə qədəm qoyan bir ölkədir. Ölkəmizdə müxtəlif təriqət və məzhəb sahibləri var. Xalqımız onları o qədər də yaxşı qarşılamır. Çox şükür ki, xarici qüvvələrin ölkəmizə axını o dərəcədə sürətli deyil. Lakin bəzi insanlar var ki, dinin daxilində ayrıca qrup yaratmaqla öz düşüncə tərzlərini insanlara təlqin etməyə çalışaraq dinə zərər vermək istəyirlər. Onlar öz məqsədlərinə görə, onlara inanan insanlardan istifadə edirlər. Lakin insanlarımız düşünməlidirlər ki, bu yol səhvdir və hər kəs axirətdə düşüncəsinə və gördüyü işlərə görə cavab verməli olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə