Hacı Surxay Məmmədli: "Şükürlər olsun ki, dövlətimiz çox möhkəmdir2 MÜSAHİBƏ

“Radikal cərəyanlar iç üzlərini ölkəmizdə deyil, gedib Suriyada üzə çıxarırlar”
Hacı Surxay Məmmədli: "Şükürlər olsun ki, dövlətimiz çox möhkəmdir2 MÜSAHİBƏ

İçərişəhər Cümə Məscidinin axundu Hacı Surxay Məmmədlinin SİA-ya müsahibəsi

- Radikal cərəyanların təsiri ilə bir qrup gəncin Suriyada gedən döyüşlərdə iştirakı dini baxımından nə dərəcədə düzgündür?

- Azərbaycan gənclərinin könüllü şəkildə Suriyada vuruşması nə dinimizdə, nə də dövlətçiliyimizdə qəbul olmayan bir məsələdir. Azərbaycan torpaqlarının 20 faizi işğal altındadır. Hər hansı bir cərəyana uyub bu addımı atmaqdansa, gedib öz torpaqlarımızı azad etsinlər. Bu gün çox təəssüf ki, ölkəmizdə bəzi radikal cərəyanlar Azərbaycan gənclərinin beyinlərini pozur. Gənclərimiz də bu adamların xülyalarına uyaraq Suriyaya gedib oradakı döyüşlərdə həlak olaraq guya şəhid olurlar. Amma əslində onlar şəhid sayılmırlar. Peyğəmbərimiz də buyurub ki, muzdlu şəkildə, pulla haradasa döyüşüb həlak olmaq şəhidlik deyil. Vətən sevgisi imandandır. Yalnız Allah yolunda öldürülənlər şəhid sayılırlar. Onlar başa düşmürlər ki, onlar müsəlmanla döyüşürlər. Orada müsəlman müsəlmanı öldürür. Öldürən də, ölən də "Allahu-Əkbər" deyir. Əslində bu İslam prizması ilə uyğun gəlmir.

- Bu halların qarşısının alınması istiqamətində hansı işlər görülür?

- Bu məsələlər həm dövlət, həm də Qafqaz Müsəlmanları İdarəsi tərəfindən ciddi şəkildə nəzarətdə saxlanılır. Artıq neçə gündür ki, bununla bağlı qətiyyətli addımlar atılır. Belə ki, bunun birinci yolu inzibati yoldur. Belə ki, hüquq mühafizə orqanları radikal cərəyanları nəzarəti altında saxlamalıdırlar. İkinci yolu isə dini təbliğat, maarifləndirmə işləri aparmaqdır. Belə ki, biz bu yolla insanları başa salmalıyıq ki, allaha xidmət etmək vətənə sevgi, millətə və insanlığa qayğı göstərmək deməkdir. Son günlər biz işlərimizi bu istiqamətdə daha da gücləndirmişik. Bu yaxınlarda Qafqaz Müsəlmanları İdarəsində bu məsələlərlə bağlı keçirilən iclasın düşünürəm ki, xüsusilə böyük əhəmiyyətə malik olub. Bu cür hərəkət edən insanlar haqqı başa düşərək öz etdikləri çirkin əməllərindən peşman olublar.

- Ölkədə yaşayıb ona xəyanət etməyi dini baxımdan necə adlandırmaq olar?

- Əslində İslam dini humanist, mütərəqqi, ictimai dindir. Din insanları bədbəxtçilik təşviq etmir, əksinə insanlara həyat verir, nəinki bir insanı öldürür. Quran ayələrində də var ki, bir insanı öldürmək bəşəriyyəti öldürmək, bir insana həyat vermək bəşəriyyətə həyat vermək deməkdir. Dinimiz insanlara haqqı-ədaləti, insanpərvər olmağı, milli-mənəvi dəyərlərə xidmət etməyi aşılayır. Bu bizim dinimizin əsas qayəsidir. Dini qurum olaraq hesab edirik ki, biz maarifləndirmə xəttini düz aparmalıyıq. Birinci növbədə insanlara başa salmalıyıq ki, hansı ölkədə yaşayırsansa, o ölkənin çörəyini yeyib, ona xəyanət etmək olmaz. Millətindən, irqindən, dinindən asılı olmayaraq Azərbaycanda yaşan hər bir insan ölkəmizə sadiq olmalıdır. Azərbaycanda yaşayıb ona xəyanət etmək, ən azı cinayətdir. İllərlə namaz qılıb, oruc tutum lakin vətənə bağlı deyiləmsə bu dini baxımdan da düzgün sayılmır. Öz ölkəmizdə işğal olan əraziləri qoyub, gedib Suriyanın daxili çəkişmələrdə ölmək yolverilməz, xoşagəlməz, dini prizmadan isə imansız sayılır.

- Radikal cərəyanların arxasında xarici qüvvələrin dayandığı söylənir. Siz bu haqda nə deyə bilərsiniz?

- Bəli, mən də bunu təsdiqləyirəm. Bu gün ölkəmizdə olan radikal cərəyanlar, Azərbaycanda nələrsə yaratmağa çalışırlar, lakin buna gücləri çatmır. Şükürlər olsun ki, dövlətimiz çox möhkəmdir. Ona görə də həmin cərəyanlar iç üzlərini ölkəmizdə deyil, gedib Suriyada üzə çıxarırlar. Vahabilik, xəvaricilik, təkbirçilik kimi radikal cərəyanlar dinimizə çox böyük ziddir. Bu cərəyanlar zaman-zaman xüsusi qüvvələr tərəfindən hazırlanıb. Onların əsas məqsədləri dinin içərisində cərəyan, sektalar yaratmaqla insanların hissləri və şəxsiyyətlərini aldatmaqdır. Lakin Allahın izni ilə bu problemlərin qarşısını tezliklə alacaq və onların ölkəmizə hər hansı təsir göstərmələrinə yol verməyəcəyik.

- Məsələlərlə bağlı xalqımıza nə demək istərdiniz?

- Mən bütün icma rəhbərləri, məscidlərdə xidmət göstərən insanlara və valideynlərə üzümü tutaraq bildirmək istəyirəm ki, gəlin övladlarımızı bu işdən çəkindirək. Onların hara getdiyini və hansı məzhəblərə xidmət etmələrinə diqqət edək. Hər birimiz bu məsələdə çox həssas olmalıyıq. Mən üzümü Azərbaycan xalqına tutaraq bildirirəm ki, övladlarınız bizim üçün çox böyük əmanətdir. Gəlin bu əmanətləri, ölkəmizi qoruyaq və ölkəmizə xəyanət etməyək. Bizə igidlər, əsgərlər lazımlıdır. Bu gün ölkəsini yarımçıq qoyub, başqa bir ölkəyə xidmət etmək xoşagəlməz, yolverilməzdir. Təbii ki, Allah axirətdə bizdən bunun hesabını istəyəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə