FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyində geniş müşavirə keçirilib
Fevralın 1-də Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyində bu ilin yanvarın 9-da keçirilmiş Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında verilən tapşırıqların müzakirəsi ilə əlaqədar geniş müşavirə olub.
Nazirliyin strukturuna daxil olan və nəzarət funksiyaları daşıyan qurumların iştirakı ilə keçirilən müşavirədə çıxış edən fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Prezident İlham Əliyevin verdiyi tapşırıqların həyata keçirilməsinin əhəmiyyətindən danışıb. Nazir son illər respublika iqtisadiyyatının dinamik inkişafı fonunda ölkədə aparılan geniş abadlıq-quruculuq, infrastruktur, nəqliyyat və digər sahələrdə aparılan tikinti prosesində təhlükəsizlik qaydalarına ciddi əməl olunması və görülən işlərin keyfiyyətinin daha da artırılmasının vacibliyini önə çəkib. Xüsusi ilə vurğulanıb ki, dövlətimizin başçısının müvafiq tapşırıqlarına əsasən, hazırda inşası davam etdirilən və tikintisi başa çatmış dövlət və özəl sektordakı tikililərin qanunlara və normalara uyğun inşa olunmasına, layihə sənədlərinin mövcud qanunvericiliyə uyğun ekspertizadan keçirilməsinə, istismarına icazə verilən obyektlərin təhlükəsizlik qaydalarının icrasına nəzarətin gücləndirilməsinə ciddi riayət olunmalıdır. Nazir Kəmaləddin Heydərov, həmçinin ölkə ərazisində tikinti, sənaye və dağ-mədən sahələrində təhlükəsizliyə nəzarətin gücləndirilməsinin, qanunsuz və o cümlədən də pozuntularla tikilən obyektlərin inşasını qanunvericiliyin tələblərinə uyğun olaraq dayandırılması və sökülməsi ilə bağlı ciddi tədbirlərin görülməsini, insanların təhlükəsiz həyat və fəaliyyətinin təminatının vacib amil olduğunu diqqətə çatdırıb. Eyni zamanda, yanğın təhlükəsizliyi sahəsinə nəzarətin gücləndirilməsinin əhəmiyyətini vurğulayıb. Bildirilib ki, nazirliyin aidiyyəti qurumları nəinki tikilmədə olan, eyni zamanda, istismara verilmiş bütün tikililərdə təhlükəsizlik norma və qaydalarına lazımi səviyyədə riayət olunmasına da ciddi nəzarət etməlidirlər.
Sonra Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin, Dövlət Yanğın Nəzarəti Xidmətinin, Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyinin rəhbər şəxsləri tabeliklərində olan qurumların fəaliyyəti haqqında məruzə ilə çıxış ediblər. Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəisi Cəbrayıl Xanlarov dövlət təşkilatlarında – Nəqliyyat Nazirliyinin sifarişçisi olan "Azəryolservis" ASC və "Azərbaycan Dəmir Yolları" QSC, "Azərenerji" ASC, "Azərsu" ASC, "Bakıelektrikşəbəkə" ASC, Bakı Şəhər İcra Hakimiyyəti, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, "Meliorasiya və Su təsərrüfatı" ASC, Metropoliten, bundan başqa özəl müəssisələr, xüsusilə Bakı, Sumqayıt və Gəncə şəhərlərinin və Abşeron rayonunun ərazisində yerləşən otellər, ticarət mərkəzləri, istirahət mərkəzləri, inzibati binalarda nöqsanlara yol verildiyini bildirib.
Dövlət Yanğın Nəzarəti Xidmətinin rəisi İsrail Əliyev neft-qaz, energetika, səhiyyə, təhsil, mədəniyyət və turizm nazirliklərinin obyektlərində, kütləvi istirahət obyektlərində və otellərin bir qismində, metropolitendə yanğın təhlükəsizliyi qaydalarının pozulmasına yol verildiyini deyib.
Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyinin rəisi Səfər Qurbanov neft-qaz çıxarma, emal və xidmət sahələrində, tikinti materialları istehsalı üçün icra hakimiyyətləri tərəfindən ayrılan ərazilər, kimya sənayesi, magistral boru kəmərlərində, lift təsərrüfatında pozuntulara yol verildiyini diqqətə çatdırıb.
Müşavirəyə yekun vuran fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov mövcud nöqsanların aradan qaldırılması və bu kimi hallara bir daha yol verilməməsi ilə bağlı ciddi tapşırıqlarını verib. Eyni zamanda, pozuntulara yol vermiş hüquqi və fiziki şəxslər barəsində fəaliyyəti dayandırılmaqla Şəhərsalma və Tikinti Məcəlləsi və digər aidiyyəti normativ aktlarla nəzərdə tutulmuş tədbirlərin görüləcəyini vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB