2 fevral – Gənclər günü Lənkəranda da təntənə ilə qeyd olunub. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, bu münasibətlə Gənclər Mərkəzində şənlik keçirilib. Tədbirdən əvvəl iştirakçılar Mərkəzin foyesində Ümummilli Liderin büstünü ziyarət edərək önünə çiçək dəstələri düzüblər.
Şənlikdə ilk olaraq Lənkəran şəhər Gənclər və İdman İdarəsinin rəisi Yalçın Əhmədov çıxış edərək iştirakçıları salamlayıb, rayonda aparılan gənclər siyasəti və hazırda gənclərin sosial vəziyyəti haqqında məlumat verib.
Sonra Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov çıxış edərək tədbir iştirakçılarını bu əlamətdar gün münasibətilə təbrik edib. Gənclər gününün təsis edilməsi ilə bağlı tarixə toxunan İcra başçısı bildirib ki, ölkəmizdə gənclərə belə böyük dəyərin verilməsi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Ümummilli Liderin 1997-ci ildə imzaladığı fərmanla MDB məkanında və Şərqi Avropada ilk dəfə olaraq 2 fevral – Gənclər günü Azərbaycanda qeyd olunmağa başlanıb. T.Qaraşov qeyd edib ki, Heydər Əliyevin siyasi xəttində gənclərə olan yüksək diqqət və qayğı daim özünü bariz şəkildə göstərib. Məhz 1994-cü ildə Gənclər, İdman və Turizm Nazirliyinin yaradılması Azərbaycan gəncliyinin vahid rəhbərlik altında birləşdirməklə gənclərin hərtərəfli dövlət qayğısı və dəstəyi ilə əhatə olunmasına şərait yaradıb.
İcra başçısı bu gün də ölkədə gənclər siyasətinin uğurla davam etdirildiyini, gənclərin beynəlxalq səviyyədə təhsil almaları, onların həyatın müxtəlif sferalarında layiqincə təmsil oluna bilmələri üçün geniş və hərtərəfli imkanların yaradıldığını, dövlət idarəçilik sistemində gənclərin önə çəkildiyini və şəxsən cənab Prezident İlham Əliyev tərəfindən dəstəkləndiyini bildirib. Bütün bunların isə, əlbəttə, Azərbaycan gəncliyinin daha yüksək, dövrün tələblərinə uyğun səviyyədə yetişmələri və ölkəmizi beynəlxalq aləmdə layiqincə təmsil etmələri üçün əvəzsiz olduğunu vurğulayan İcra başçısı bu gün Gənclər gününün məhz cənab Prezident İlham Əliyev tərəfindən ötən ilin sentyabrın 5-də açılışını etdiyi Gənclər Mərkəzində keçirilməsi rayon gənclərinə göstərilən diqqətin bariz nümunəsidir.
O, bundan sonra da gənclərin fəallıqlarını daha da artıracaqlarına və Vətənimizin inkişafında layiqli xidmətlər sərgiləyəcəklərinə əminliyini söyləyib. İcra başçısı gənclərə gələcək fəaliyyətlərində daha böyük uğur qazanmaları üçün bir sıra tövsiyələr verərək bildirib ki, bunun üçün hər bir gənc ilk növbədə sahib olduğu milli-mənəvi dəyərlərə daim ehtiramla yanaşmalı, vətənpərvərlik duyğusunu bütün hisslərdən üstün tutmalı, ona güvənən xalqının etimadını doğrultmalıdır.
Çıxışının sonunda Taleh Qaraşov bir daha gəncləri ölkəmizin inkişafı və tərəqqisi üçün var qüvvəsi ilə çalışan Prezident İlham Əliyevin ətrafında sıx birləşməyə və ona dəstək olmağa səsləyib.
Daha sonra rayonun ictimai-siyasi həyatında fəallığı ilə seçilən bir qrup gəncə ŞİH-nin Fəxri fərmanları təqdim olunub.
Şənlik müxtəlif çıxışlarla davam edib.
Tədbirdə müxtəlif musiqi nömrələri ifa edilib, gəncliyə həsr olunan şeirlər səsləndirilib.
Maraqlı keçən şənlik boyu gənclər musiqi sədaları altında rəqs edərək əyləniblər.
Sərraf Mirsəfəroğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB