Astanada Xəzər dənizinin hüquqi statusunun müəyyən edilməsi üzrə Xüsusi İşçi Qrupun 35-ci iclası keçirilib

Astanada Xəzər dənizinin hüquqi statusunun müəyyən edilməsi üzrə Xüsusi İşçi Qrupun 35-ci iclası keçirilib

Qazaxıstanın paytaxtı Astanada Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın işlənib hazırlanması üzrə Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin müavinləri səviyyəsində Xüsusi İşçi Qrupun 35-ci iclası keçirilib.

İclasın yekunlarına əsasən qəbul edilmiş kommünikedə deyilir ki, iclasda sədrlik edən Qazaxıstan Respublikasının xarici işlər nazirinin müavini K.Sarıbay Xüsusi İşçi Qrupun fəaliyyətində ciddi irəliləyiş olduğunu qeyd edib.

Qazaxıstan nümayəndə heyətinin rəhbəri cari ildə Dördüncü Xəzər Sammitinin hazırlanması üçün maksimum səy göstərməyin zəruri olmasını, habelə Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın layihəsi üzərində işin səmərəsinin daha da artırılmasının vacibliyini vurğulayıb.

İclasda Dördüncü Xəzər Sammitinin yekun sənədinin layihəsi hərtərəfli müzakirə edilib və razılaşdırılıb. Nümayəndə heyətləri hazırlıq prosesində olan beştərəfli müqavilələrin tamamlanmasını sürətləndirmək barədə razılığa gəliblər.

İclas iştirakçıları bundan əvvəl əldə edilmiş razılaşmaların yerinə yetirilməsi üçün Xəzər dənizində ilkin xətlərin müəyyən edilməsi metodikası barəsində fikir mübadiləsi aparıb, müvafiq kartoqrafik sxemləri müzakirə ediblər.

Tərəflər aparılmış danışıqların yekunlarını müsbət qiymətləndiriblər. Nümayəndə heyətləri bu görüşün yüksək səviyyədə təşkil edilməsinə görə Qazaxıstan Respublikasına dərin təşəkkürlərini bildiriblər.

Xüsusi İşçi Qrupun növbəti iclasının müddəti və yeri diplomatik kanallar vasitəsilə razılaşdırılacaq.

Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Xələf Xələfov rəhbərlik edib.

Bütün xəbərlər Facebook səhifəmizdə