Prokurorluq orqanlarında işləmək istəyənlər üçün test imtahanı keçirilib
Bu gün prokurorluq orqanlarında vakant olan 100 ştat vahidinin layiqli gənc kadrlarla komplektləşdirilməsi məqsədilə Baş Prokurorluq tərəfindən Azərbaycan Respublikası Prezidentinin 19 iyun 2001-ci il tarixli Fərmanı ilə təsdiq olunmuş "Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında" Əsasnaməyə müvafiq olaraq elan edilən sayca 13-cü müsabiqənin ilkin mərhələsi olan test imtahanı keçirilib. Qurumdan SİA-ya verilən xəbərə görə, Baş Prokurorluğun Müsabiqə Komissiyası Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ilə birlikdə imtahanın aşkarlıq şəraitində, şəffaf üsullarla və beynəlxalq tələblərə uyğun keçirilməsi üçün bütün zəruri tədbirləri təmin edib.
Prokurorluq orqanlarında işləmək arzusunda olan 360 gənc hüquqşünasın iştirakı ilə saat 10:00-dan başlayaraq 3 saat ərzində vahid auditoriyada – Azərbaycan Texniki Universitetinin İdman Sarayında keçirilən imtahanı dövlət qurumlarının nümayəndələri ilə yanaşı, qeyri-hökumət və beynəlxalqtəşkilatların, kütləvi informasiya vasitələrinin nümayəndələri də müşahidə ediblər. İmtahan başa çatdıqdan sonra namizədlərin cavab kartları TQDK-da yoxlanılmış və müsabiqənin ikinci mərhələsi - yazılı imtahanda 105 namizədin iştirak etmək hüququ qazandığı müəyyən edilib.
Nəticələr Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (www.tqdk.gov.az) və Baş Prokurorluğun (www.genprosecutor.gov.az, www.prokurorluq.gov.az) internet saytlarında yerləşdirilib. İmtahanda uğurlu nəticə əldə edən namizədlərin diqqətinə çatdırılır ki, yazılı imtahanın keçiriləcəyi yer və vaxt barədə kütləvi informasiya vasitələrində və Baş Prokurorluğun internet saytında əlavə məlumat veriləcək.
Müsabiqə ilə əlaqədar ətraflı məlumat almaq üçün 492-62-23, 492-63-62, 437-28-56 və 492-74-32 nömrəli telefonlar vasitəsi ilə müraciət etmək olar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB