KİVDF Müşahidə Şurasının növbəti iclası keçirilib

KİVDF Müşahidə Şurasının növbəti iclası keçirilib

30 yanvar 2014-cü il tarixdə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib. SİA-nın verdiyi məlumata görə, Fondun Müşahidə Şurasının sədr müavini Vüqar Rəhimzadənin rəhbərliyi ilə keçirilən iclasın gündəliyinə 3 məsələ daxil edilib:

* 2013-cü ildə Fondun fəaliyyəti haqqında yekun hesabat

* 2014-cü ildə Fondun tədbirlər planının təsdiqi

* 2014-cü il üçün Fondun Ekspertlərinin tərkibinin təsdiqi

Gündəliyə uyğun olaraq, "Fondun 2013-cü il üzrə fəaliyyəti barədə yekun hesabat"ını Fondun icraçı direktoru Vüqar Səfərli təqdim edib. 2013-cü ildə görülən işlər və sərf olunmuş maliyyə vəsaiti barədə məlumat verən Vüqar Səfərli Müşahidə Şurası üzvlərinin mövzu ətrafında suallarını cavablandırıb.

Bundan sonra Şura üzvləri çıxış edərək hesabat və ümumilikdə 2013-cü ildə görülmüş işlər barədə fikirlərini səsləndiriblər. Şura üzvlərindən Əflatun Amaşov, Rəşad Məcid, Müşfiq Ələsgərli, İntiqam Hümbətov Fondun 2013-cü il üzrə fəaliyyətini yüksək qiymətləndirib, hesabatın qəbul edilməsini məqbul sayıblar. Hesabat yekdilliklə qəbul edilib.

Gündəlikdə yer alan növbəti məsələ "2014-cü il üzrə Fondun Tədbirlər Planı" olub. "2014-cü il üzrə Fondun Tədbirlər Planı" layihəsi ilə tanış olan Şura üzvləri layihəyə əlavə və təkliflərini bildiriblər. Şura üzvlərindən Bəxtiyar Sadıqov, Müşfiq Ələsgərli çıxış edərək "2014-cü il üzrə Fondun Tədbirlər Planı" layihəsinin ümumilikdə qənaətbəxş olduğunu, bəzi texniki xarakterli düzəlişlərlə qəbul edilməsinin mümkünlüyünü bildiriblər. Təklif və rəylər qeydə alınmaqla, 2014-cü il üçün tərtib edilmiş Tədbirlər Planı Şura üzvləri tərəfindən yekdilliklə qəbul edilib.

Bundan sonra 2013-cü il ərzində həyata keçiriləcək layihə və müsabiqələrə təqdim olunacaq yazıların qiymətləndirilməsi üçün "Fondun ekspertlərinin tərkibi"nə baxılıb. Ekspertlər siyahısı da Şura üzvləri tərəfindən, baxılıb və təsdiq edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə