Ölkənin qərb bölgəsinə də güclü qar yağır

Ölkənin qərb bölgəsinə də güclü qar yağır

Ölkənin qərb bölgəsinə dünən axşamdan başlayaraq güclü qar yağır. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, məlum hava şəraiti ilə əlaqədar Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İdarəsi tərəfindən gücləndirilən iş rejimi tətbiq edilib. Belə ki, səhər saatlarından başlayaraq şəhərin mərkəzi yolları, eləcə də ara küçələrdə avtomobillərin hərəkətini tam şəkildə təmin etmək məqsədilə yollara duz səpilir. Qeyri sabit hava şəraitinin ciddi fəsadlar yaratmaması üçün 10 dan artıq texnika işlərə cəlb olunub. Avtomobillərlə yanaşı, piyadaların da hərəkətinin gediş-gəlişini təmin etmək məqsədi ilə səkilər, dayanacaqların ətrafları qar və buzdan təmizlənir. Gəncə şəhəri ilə yanaşı, gücləndirilən iş rejimi bölgələrdə də həyata keçirilir. Gəncə şəhəri ilə ətraf rayonların hərəkətini yaxşılaşdırmaq üçün bütün güclər səfərbər olunub. Xüsusən Samux rayonu ilə Gəncə şəhərini birləşdirən avtomobil yolu işlək vəziyyətə salınıb. Samux-Gəncə avtomobil yolu ilə yanaşı, kür qırağı ərazilərdə də əhalinin və avtomobillərin normal hərəkətini təmin etmək üçün tədbirlər davam etdirilir və bu istiqamətlərdə də hazırda hərəkət açıqdır. Onu da bildirək ki, dünən gecə və bu gün Gəncə və ətraf rayonlarda qeyri-sabit hava şəraiti ilə bağlı heç bir yol nəqliyyat hadisəsi baş verməyib.

İlham Məmmədov, Gəncə

Bütün xəbərlər Facebook səhifəmizdə