Əli Hüseynli: “QHT-lərin qeydiyyatı məsələsinə yenidən baxıla bilməz” MÜSAHİBƏ

Əli Hüseynli: “QHT-lərin qeydiyyatı məsələsinə yenidən baxıla bilməz” MÜSAHİBƏ

SİA Milli Məclisin Hüquq Siyasət və Dövlət Quruculuğu Komitəsinin sədri Əli Hüseynlinin jurnalistlərə verdiyi müsahibəsini təqdim edir.

- QHT-lərlə bağlı qanunlara edilən son dəyişikliklərdə təşkilatlar il ərzində 4 dəfə reystrlərdən çıxarış almalıdırlar. Bu dəyişiklik bəzi QHT-lərin narazılığına səbəb olub. Bu barədə nə deyə bilərsiniz?

- Qanunvericilikdə edilən dəyişikliklərin əsas mahiyyəti QHT-lərin fəaliyyətində şəffaflığa yönəlib. Vətəndaş cəmiyyəti özü dövlət hakimiyyət orqanlarının şəffaflığına nəzarət edir. Cəmiyyət tərəfindən onlara inam və etimadın artırılması üçün gərək QHT-lər özləri də şəffaf fəaliyyət göstərsinlər. Əslində reystr məsələsi Qeyri Hökumət Təşkilatları, onların rəhbərləri və üzvləri arasında münasibətlərin tənzimlənməsində çox vacib bir haldır. Reystrlə bağlı bütün münasibətlər elektron formada həyata keçirilə bilər. Qanunverici orqan olaraq QHT-lər etdiyimiz təşəbbüsdən yalnız faydalana bilərlər. O ki qaldı qanunun tətbiqi ilə bağlı məsələlərə bəzən qeydiyyatla bağlı QHT bir sıra problemlər qaldırırlar. Biz hər zaman onları gündəmdə saxlayırıq.

- Bir zaman mətbuatın qeydiyyatı məsələsində də bu kimi problemlər ortaya çıxmışdı. Lakin sonradan qaydalar sadələşdirildi. Bu praktika QHT-lərdə də tətbiq oluna bilərmi?

- Xeyr. Çünki QHT-lər haqqında qanunvericilik mövcuddur. O qanun vaxtilə Avropa Şurasının ekspertləri ilə birgə hazırlanmışdı. Qeydiyyat proseduru, birləşmək azadlığı bizdə də qanunvericilikdə tələb olan sənədlərin təqdim edilməsi ilə yekunlaşmış olur. QHT- lərlə bağlı dəyişikliklərdə də prosedur sadədir. Əgər qeydiyyatla bağlı hər hansı bir problem yaranırsa, demək ki, sənədlər düz tərtib olunmayıb və qanunvericiliyə uyğun olaraq hər hansı bir nöqsanlar var. Sənədlərin təqdim edilməsi proseduruna baxsaq, sənədlər ilk növbədə qeydiyyat orqanına təqdim olunur, qanunda nəzərdə tutulan müəyyən dövr keçdikdən sonra təşkilatın birləşmək azadlığı hüququ təsbit olunmuş olur. Burada mətbuatın qeydiyyatı qədər olmasa da, kifayət qədər sadələşmiş üsul var.

- QHT-lərə Dövlət Dəstəyi Şurası bununla bağlı təkliflərlə çıxış edəcəyini bildirmişdi. Bununla bağlı hər hansı bir müraciət daxil olubmu?

- Hesab edirəm ki, qanunvericilik məsələləri heç də mürəkkəbləşdirməyib. Burada da müasir informasiyaların tətbiqinə üstünlük vermək lazımdır. Şuradan bizə müəyyən təkliflər olub. Onlar bildiriblər ki, qeydiyyat məsələsi regionlarda da tətbiq olunsun. Bu kimi başqa təkliflər də var ki, onlar da müzakirə olunacaq.

- Qanunda QHT- lərlə bağlı tətbiq edilən cərimələrin miqdarı ilə bağlı müəyyən fikirlər səsləndirilir. Bu cərimələr nəyə əsaslanaraq tətbiq edilib və onların aşağı salınması mümkündürmü?

- Cərimələr və onların məbləğləri ilə bağlı təkcə cəmiyyətdə deyil, parlamentdə də müzakirə zamanı müəyyən suallar meydana çıxmışdı. Düşünülürdü ki, hansısa ağır inzibati cəza növü bir sıra problemlərdən çəkindirə bilər. Lakin bizim məqsədimiz bu deyil. Müasir, sivil dünyada bütün münasibətlərlə bağlı iqtisadi, ciddi maliyyə sanksiyalarının məqsədi ondan ibarətdir ki, bu xəta bir də törədilməsin. Vətəndaş, vətəndaş cəmiyyətinin üzvü görsün ki onu maliyyə sıxıntısı gözləyə bilər və o qanunvericiliyə uyğun olaraq fəaliyyət etməyə yönəlsin. İnzibati Xətalar Məcəlləsində bir çox inzibati xətalarla bağlı sansksiyalar kifayət qədər ciddiləşib. Hesab edirəm ki bunlar öz effektini verir. Bəzi aponentlər söyləyirlər ki, sanksiyaların yüksəkdir, təşkilatlarda bu qədər maliyyə yoxdur. Amma biz bu məntiqlə razılaşmırıq. Onların bütün İnzibati Xətalarla bağlı məntiqləri ondan ibarətdir ki, vətəndaş cəriməni ödəmək iqtidarında olmalıdır. Lakin hüquqi məntiqə görə, cərimələrin yüksək olması vətəndaşı qanuna uyğun hərəkət etməyə yönəldir. Bütün dünyada sanksiyaların maliyyə məbləğinin yüksəkliyi məhz bundan ibarətdir. Onlar da öz effektlərini verirlər. QHT-lərlə bağlı cərimələrdə məqsəd vətəndaş cəmiyyətinin nümayəndəsini, hüquqi şəxsi cəzalandırıb onu maliyyə baxımından çökdürmək və ya vəziyyətini pisləşdirməkdən ibarət deyil. Burada məqsəd qanun qüvvəyə mindikdən sonra vətəndaşın qanunvericiliyə uyğun hərəkət etməsidir. Şükürlər olsun ki, QHT-lərin böyük əksəriyyəti hüquqi baxımından maariflidirlər. Onlar qanunvericiliyi əhalinin başqa təbəqələrinə nisbətən daha tez öyrənir, tez reaksiya verirlər. Düşünürəm ki, QHT-lər bu hallara yol verməyəcəklər.

- Layihə artıq Prezident Administrasiyasına verilib. Sizcə bundan sonra layihə paketinə dəyişikliklər edilməsi mümkündürmü?

- Bizim qəbul etdiyimiz variant ilə yekun variant arasında fərq var. Biz yekun variantda bir sıra təklifləri nəzərə almışıq. Amma iş artıq yekunlaşıb. Qanun parlamentdə qəbul olunub və qanunvericiliyə uyğun olaraq Prezident Administrasiyasına imzalanmaqdan ötrü təqdim olunub. Hətta bir sıra beynəlxalq və yerli təşkilatlar bu layihənin imzalanmaması ilə bağlı müraciət ediblər. Lakin mən tam məsuliyyətlə bəyan edirəm ki, bu qanun hətta onun sanksiya hissəsi mütənasiblik, demokratiklik baxımından çox mükəmməl bir qanundur. Bu qanun daha çox xarici hüquqi şəxslərin, beynəlxalq təşkilatların filiallarının fəaliyyətinin tənzimlənməsinə, şəffaf fəaliyyətinə yönəlib. Mən tam əminəm ki, bu layihə ölkə başçısının şəffaflıqla bağlı həyata keçirdiyi siyasətdə öz əksini tapacaq.

- Əsas narazılıqlar beynəlxalq təşkilatlardan qaynaqlanır. Bunun səbəbi nədir?

- Hətta mən deyərdim ki, həmin təşkilatlar yerli təşkilatlara da təsir edirlər. Bizim etdiyimiz dəyişikliklərdə yerli QHT-lər maraqlı olmalıdırlar. Burada əsas məsələ xarici təşkilatlarla bağlı boşluqların doldurulması idi. Milli və xarici təşkilatların qeydiyyatı və fəaliyyəti ilə bağlı qanun tənzimlənmişdi. Lakin onların filialları ilə bağlı məsələdə boşluqlar var idi. Bu layihədə o boşluqlar aradan qaldırıldığından beynəlxalq təşkilatlar narazılıq edirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə