“Aztelekom” İB-də Gənclər günü qeyd olunub

“Aztelekom” İB-də Gənclər günü qeyd olunub

Bu gün Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Aztelekom" İstehsalat Birliyində Gənclər günü münasibətilə tədbir keçirilib. SİA xəbər verir ki, öncə Birliyin gənc mütəxəssisləri və kollektivin nümayəndələri Fəxri Xiyabana gələrək Ümummilli Lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri düzüblər. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üstünə tər çiçəklər düzülüb.

Tədbiri giriş sözü ilə açan "Aztelekom" İB-nin baş direktoru Məhəmməd Məmmədov gəncləri bayram münasibətilə təbrik edib. O dövlət gənclər siyasətinin uğurlarından, gənclərin ölkəmizin ictimai-mədəni, sosial-iqtisadi həyatında fəal iştirakından danışıb, beynəlxalq tədbirlərdə və idman yarışlarında Azərbaycanı layiqincə təmsil etdiklərini bildirib: "Ölkə gənclərinə göstərilən diqqət və qayğı imkan verir ki, milli mənəvi dəyərlərin qorunmasında, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində gənclərimiz tərəfindən daha çox fəallıq nümayiş etdirilsin. Gənclər gününün elan olunması Ulu Öndər Heydər Əliyev tərəfindən gənclərimizə təqdim edilmiş ən qiymətli hədiyyələrdən biridir. Eyni zamanda 1994-cü ilin iyul ayında Ümummilli Lider Heydər Əliyevin sərəncamı ilə təsis edilən Gənclər və İdman Nazirliyi də dövlətin gənclərə göstərdiyi diqqət və qayğının göstəricisidir".

"Aztelekom" İB-nin Gənclər Təşkilatının sədri Emil Rzayev rəhbərlik etdiyi təşkilatın fəaliyyəti ilə bağlı məlumat verib. Onun sözlərinə görə, hazırda Birliyin kollektivində 29 nəfər gənc mütəxəssis çalışır: "30 nəfərdən ibarət olan Birliyin idarə heyətinin üzvlərinin isə 9-u gəncdir. Azərbaycanda aparılan gənclər siyasəti dövlət siyasətinin mühüm istiqamətlərindən biridir. Dövlətin gənclərə göstərdiyi diqqət və qayğının nəticəsidir ki, ötən il keçirilən prezident seçkilərində də gənclər yekdilliklə ölkə rəhbəri vəzifəsinə məhz cənab İlham Əliyevi seçdi".

Tədbirdə "Aztelekom" İstehsalat Birliyinin Həmkarlar təşkilatının sədri Bəylər Qurbanov, Qadınlar Şurasının sədri Nataşa Bədəlova, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun Strateji Planlaşdırma və Beynəlxalq Əlaqələr sektorunun Baş məsləhətçisi Vüsalə Niftəliyeva, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva və gənc mütəxəssislər Ulu Öndər Heydər Əliyevin hakimiyyəti dövründə və hazırda dövlət tərəfindən gənclər siyasətinə xüsusi diqqət yetirildiyini, Azərbaycan gənclərinin ölkənin ictimai siyasi proseslərdə həmişə fəal iştirak etdiklərini vurğulayıblar.

Tədbir Birliyin texniki sahədə əldə etdiyi nailiyyətlərin qazanılmasında və birliyin ictimai həyatında fəallıq göstərən gənclərə "Fəxri Fərman"ların təqdim olunması ilə yekunlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə