Gündən-günə gözəlləşən ASTARA

Gündən-günə gözəlləşən ASTARA

Yanvarın 30-da Astara rayon İcra Hakimiyyəti başçısının Astara şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyində 2013-cü ilin yekunlarına həsr edilmiş hesabat yığıncağı keçirilib. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, Ərazi nümayəndəsi Şahverən Cavadov hesabat məruzəsi ilə çıxış edərək bildirib ki, Astara şəhərinin, ümumilikdə 1765 ha ərazisi vardır. Bu ərazinin 153 ha dövlət mülkiyyətinə, 564 ha bələdiyyə mülkiyyətinə, 1048 ha xüsusi mülkiyyətə aiddir. Şəhər əhalisi 17060 nəfər, təsərrüfatların sayı 5386-dır.

İlbəil öz simasını dəyişən Astara şəhərində ötən il xeyli tikinti, quruculuq və abadlıq işləri aparılıb. Dövlət başçısı son 10 ildə 6 dəfə Astarada olub, yeni obyektlərin təməl qoyma və açılış mərasimlərində iştirak edib, şəhər sakinləri ilə görüşlər keçirib. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin 2013-cü il sentyabrın 4-də rayona səfəri və Astara şəhərində bir sıra mühüm əhəmiyyətli sosial mədəni obyektlərin, rayon Mərkəzi Xəstəxanasının 2- ci korpusunun, Astara dövlət sərhədində buraxılış məntəqəsinin sərhəd komendantlığının və sərhəd zastavasının şəxsi heyəti üçün inşa olunan yaşayış şəhərciyinin açılışında iştirak edib. Astara və astaralılar haqqında səsləndirdiyi fikirlər bu gün də astaralıların qəlbində sonsuz fərəh hisləri yaradıb. Möhtərəm Prezidentimiz İlham Əliyev demişdir: "Mənim Astaraya səfərlərim çox olmuşdur. Son 10 il ərzində bu 6-cı səfərimdir. Hər dəfə açılışlarda iştirak edirəm, hər dəfə yenilikləri görürəm. Şəhər gözəlləşir. İndi Astara müasir şəhərə çevrilibdir, gözəl binalar tikilir, parklar, xiyabanlar salınır. İnsanların rahatlığı üçün şərait yaradılır. Astaraya bundan sonra da diqqət artırılacaqdır."

Hesabat yığıncağında şəhər 1 saylı tam orta məktəbin direktoru Həliməxatun Qurbanova, rayon Ağsaqqallar Şurasının sədri Hamlet Əliyev, şəhər 2 saylı körpələr evi-uşaq bağçasının müdiri Lalə Səmədova, rayon Veteranlar şurasının sədri Rafiq Əliyev, rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi, Fikrət Qafarov çıxış edərək yola saldığımız ildə respublikamızın hər yerində olduğu kimi, Astara rayonunda, o cümlədən rayon mərkəzində geniş quruculuq və tikinti işlərinin aparıldığını, vətəndaşların qaldırdıqları təkliflərə həssaslıqla yanaşıldığını diqqətə çatdırıb, göstərilən bu qayğı və diqqətə görə ölkə başçısı möhtərəm cənab İlham Əliyevə, rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayevə dərin təşəkkür və minnətdarlıqlarını bildiriblər.

Hesabat yığıncağında şəhər sakinləri Heydər Dadaşov, Süleyman Əhədov, Ülviyyə Əliyeva, Heybət Hüseynov və başqaları yola saldığımız ildə şəhər icra nümayəndəliyinin ərazisində aparılan abadlıq və quruculuq işlərindən razılıqlarını diqqətə çatdırıb, bir sıra vacib məsələlər barədə təkliflər irəli sürüblər.

Hesabat yığıncağında Astara rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev çıxış edərək bildirib ki, Azərbaycan xalqının həyatında tarixi və əlamətdar hadisələrlə zəngin olan 2013-cü il hər birimizin yaddaşında əbədi iz qoyub. Azərbaycan Respublikasının Prezidenti seçkilərində astaralılar bu mötəbər kürsüyə ən layiqli namizəd olan İlham Əliyevə yekdilliklə

səs veriblər. Yola saldığımız il respublikamızın sosial-iqtisadi inkişafında yüksəliş dövrü olub. 2013-cü il fevralın 8-də "Azerspace-1" kosmik peyki orbitə buraxılıb. XXI Əsrin Müqaviləsi adlanan "Şahdəniz-2" üzrə yekun investisiya qərarının imzalanıb. İcra başçısı daha sonra qeyd edib ki, yola saldığımız il rayonun bütün sakinlərinin, eləcə də şəhər əhalisinin həyatında əlamətdar hadisələrlə, yeniliklər və nailiyyətlərlə zəngin olub. Möhtərəm Prezidentimiz İlham Əliyevin sentyabrın 4-də rayona səfəri və bir sıra mühüm əhəmiyyətli obyektlərin açılışlarında iştirak etməsi hər bir astaralının qəlbində sonsuz iftixar hisləri yaradıb. Astaraya səfərindən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 12 sentyabr 2013-cü il tarixli Sərəncamları ilə Astara rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi, Deqədi-Pəlikəş avtomobil yolunun tikintisi məqsədi ilə maliyyə vəsaiti ayırıb. Bu gün Astaraya gələn qonaqlar bu gözəl və yaraşıqlı diyara heyran qaldıqlarını etiraf edirlər. Astara şəhərinin daha gözəl və füsunkar olması üçün bundan sonra da hamılıqla var qüvvəmizi sərf etməliyik,-deyə İcra başçısı bildirib.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə