Bakı şəhər Dövlət Yol Polisi əhaliyə müraciət edib

Bakı şəhər Dövlət Yol Polisi əhaliyə müraciət edib

"Dünən axşamdan Bakıya qar yağmasından sonra sürüşmə səbəbindən yanvarın 31-i səhər saatlarınadək maddi zərərlə nəticələnən 25 yol-nəqliyyat hadisəsi baş verib. Hadisələr əsasən avtomobillərin toqquşması ilə müşaiyət olunub". Bunu SİA-ya açıqlamasında Daxili İşlər Nazirliyinin (DİN) Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov deyib.

V. Əsədovun sözlərinə görə, yollarda sürüşmə halları müşahidə edilir. Hazırda sürüşmə daha ox sürüşmə ehtimalı Biləcəri, Yasamal və Günəşli ərazilərində daha çoxdur. Buna baxmayaraq, hələ ki, yollar açıqdır və nəqliyyat vasitələri rahat hərəkət edir".

Bölmə rəisi onu da bildirib ki, Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin və Bakı Şəhər İcra hakimiyyətinin qış qarajı ilə birgə dünən axşamdan xidmət davam edir. Bundan başqa, Nəqliyyat Nazirliyinin "Azəryolsevis" ASC-nin texnikası da yolların təmizlənməsinə cəlb edilib: "Gecədən indiyədək şəhərin enişli-yoxuşlu yolları qardan təmizlənir. Artıq yollara 1000 tona yaxın duz səpilib. Hazırda işlər davam edir".

V.Əsədov bildirib ki, Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əhaliyə şəxsi avtomobillərdən istifadə edilməməsinə dair müraciət etməsinə baxmayaraq, yollarda çox sayda avtomobil var: "Bir daha sürücülərə və avtomobil sahiblərinə müraciət edərək deyirik ki, şəxsi avtomobillərdən imkan dərəcəsində istifadədən imtina edib, ictimai nəqliyyatla hərəkətə üstünlük versinlər".

Qeyd edək ki, Bakıda və Abşeron yarımadasında bu gün arabir qar yağacağı, gecə və səhər bəzi yerlərdə intensivləşəcəyi gözlənilir. Güclü şimal küləyi əsəcək. Çovğun olacağı ehtimalı var. Yollar buz bağlayacaq. Havanın temperaturunun gecə və gündüz 1-3 dərəcə şaxta, axşam isə 5 dərəcəyədək şaxta olacağı gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə