Hicran Hüseynova: “Ailə bizim üçün hər şeydir”

Hicran Hüseynova: “Ailə bizim üçün hər şeydir”

"Rossiyskaya qazeta"da "Ailə bizim üçün hər şeydir" başlığı altında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova ilə müsahibə dərc olunub.

Komitənin rəhbəri azərbaycanlıların möhkəm ailə təməlini həmişə qiymətləndirdiyini qeyd edir. Hamı tərəfindən qəbul olunmuş dünyəvi əsaslara uyğun həyat sürən, amma bununla belə Şərq mentallığı ənənələrinə və dəyərlərinə qayğı ilə yanaşan Azərbaycan cəmiyyəti üçün ailə, sosiumda qadının rolu, uşaqların tərbiyəsi məsələləri xüsusilə həssas sahədir.

Ailə, qadın və uşaqların hüquqlarının müdafiəsi sahəsində ölkədə aparılan siyasətdən danışan H.Hüseynova qeyd edib ki, ümummilli lider Heydər Əliyev bu ən kövrək sosial qrupa hərtərəfli dövlət qayğısının müstəsna əhəmiyyətini dəfələrlə vurğulayıb. H.Hüseynova xatırladıb ki, Azərbaycan Prezidenti İlham Əliyev komitənin kollektivinə xeyir-dua verərkən onun qarşısına konkret vəzifə - idarənin adında öz əksini tapan hər üç istiqamət üzrə dövlət siyasətinin xeyli gücləndirilməsinə nail olmaq vəzifəsini qoyub. Bunun üçün hər şeydən əvvəl mükəmməl qanunvericilik bazası yaratmaq lazım gəlib, müvafiq qanunlar qəbul olunub, Ailə Məcəlləsində, Cinayət Məcəlləsində, Mülki Məcəllədə dəyişikliklər edilib, nikah yaşına çatmamış qızları nikaha məcbur edən şəxslərin daha ağır cəzalandırılmasını, hətta azadlıqdan məhrum edilməsini nəzərdə tutan qanunvericilik aktları qüvvəyə minib.

2012-ci ildə 15-17 yaşlı analar arasında doğum göstəricisi əvvəlki ildəkinə nisbətən təqribən min uşaq azalıb.

Dövlət komitəsinin sədri deyib: "Azərbaycan ailəsi və ənənələri ailə dayaqlarını həmişə yüksək qiymətləndirmiş xalqımız üçün sinonimlərdir. Buna görə də başlıca məqsədimiz sağlam ailə - sağlam uşaqlardır".

O, qanunvericilik normalarının milli ənənələrlə, ictimai əxlaqla, ictimai mənəviyyatla qarşılıqlı münasibəti barədə suala cavab verərək qeyd edib ki, Azərbaycanın dövlət ailə siyasəti konsepsiyası dünyada ən mütərəqqi konsepsiyalardan biridir. O deyib: "Dövlət müxtəlif tədbirlər vasitəsilə ailənin qorunub saxlanmasına və möhkəmlənməsinə, onun sosial müdafiəsinə, vətəndaşların ailə hüquqlarının təmin olunmasına qayğı göstərir. "Sosial müavinətlər haqqında", "Məişət zorakılığının qarşısının alınması haqqında" qanunları, 2008-2015-ci illərdə yoxsulluğun azaldılması və davamlı inkişaf üzrə Dövlət Proqramını misal göstərə bilərəm. Azərbaycan Prezidentinin bu yaxınlarda imzaladığı Fərmana əsasən beş nəfərdən çox uşağı olan analara sosial yardım ayrılacaqdır. Bundan başqa, fəaliyyət göstərən uşaq tərbiyə müəssisələrində şərait yaxşılaşdırılır, yeniləri yaradılır, ailəyə kömək məqsədilə sosial xidmət sistemi inkişaf etdirilir, çoxuşaqlı və aztəminatlı ailələrə, əlil uşaqlar tərbiyə edən ailələrə, uşaq övladlığa götürmüş ailələrə, tənha analara güzəştlər müəyyən edilir, ailənin, anaların, ataların və uşaqların sosial müdafiəsi üzrə digər tədbirlər görülür. Statistik məlumatlar bu siyasətin nə qədər səmərəli olduğunu göstərir: son on ildə nikahların orta illik sayı 56 mindən artaraq 79 minə çatmışdır, ölkə əhalisinin sayı isə 2 milyon nəfər artmışdır".

Daha sonra müsahibədə H.Hüseynova qeyd edir ki, sivil sosiumun formalaşmasında qadının roluna çox böyük əhəmiyyət verən ulu öndər Heydər Əliyev hesab edirdi ki, cəmiyyətin demokratikləşməsinin ən mühüm tərkib hissələrindən biri qadına hörmətdir. O xatırladıb ki, hələ 1918-ci ildə Azərbaycan qadını Şərqdə ilk dəfə və bir çox Avropa ölkələrindən qabaq kişilərlə bərabər seçki hüquqları əldə edib. H.Hüseynova deyib: "Tarixən qısa bir zamanda qadınlarımız cəmiyyətdə, həyatın bütün sahələrində layiqli yer tuta bilmişlər. Bu gün ölkənin dövlət və ictimai həyatına qadınların fəal cəlb olunması üçün hər cür əlverişli şərait yaradılmışdır. Onlar təhsil, səhiyyə, hüquqşünaslıq, neft sənayesi, sosial, hüquq mühafizə sahələrində və digər sahələrdə xüsusilə fəal çalışırlar. Hazırda bu sahələrdə işləyənlərin 60 faizindən çoxunu qadınlar təşkil edir. Dövlət və qeyri-hökumət təşkilatlarında, xüsusi təşkilatlarda qadınların sayının artması müşahidə olunur, onlar burada yüksək vəzifələr tuturlar. Bələdiyyə orqanlarında qadınların sayı beş dəfə artmışdır. 2012-ci il üçün qadın sahibkarlar 17 faiz təşkil etmişdir. Bir neçə il bundan əvvəl çox az sayda qadın təşkilatı olduğu halda, hazırda onların sayı iki yüzü ötüb keçmişdir. Bu baxımdan Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası çox mühüm rol oynayır. Müasir Azərbaycan qadını ölkə həyatının iqtisadi, kommersiya, sosial və siyasi, hüquqi və təşkilati sahələrində fəallıq göstərir. Ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın rolunu xüsusi vurğulamaq istərdim. Ailə, qadın və uşaqların, qaçqınların müdafiəsi sahəsində onun göstərdiyi geniş fəaliyyət, irəli sürdüyü bir çox layihələr təkcə respublikamızda deyil, həmçinin onun hüdudlarından uzaqlarda dərin hörmət və minnətdarlıq hissi ilə qarşılanır. Azərbaycanın mədəni irsinin qorunması, gənclərin, xüsusən də qızların idmana cəlb olunması, xüsusi qabiliyyətə və istedada malik olan uşaqlara kömək göstərilməsi, ekologiya layihələri – Mehriban xanımın himayəsi altında həyata keçirilən layihələri saymaqla qurtarmaz. Komitəmiz Heydər Əliyev Fondu və BMT-nin Əhali Fondu ilə birlikdə "XXI əsrdə qadınlar barəsində zorakılığa qarşı" mühüm layihə həyata keçirmişdir".

Bütün xəbərlər Facebook səhifəmizdə