Bəhram Xəlilov Monteneqroda səfərdə olub

Komissiya ilə Monteneqronun İnsan Resurslarının İdarə Olunması İdarəsi arasında 2014-2015-ci illər üçün əməkdaşlıq üzrə Fəaliyyət Planı imzalanıb
Bəhram Xəlilov Monteneqroda səfərdə olub

Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilovun rəhbərlik etdiyi nümayəndə heyəti Monteneqronun paytaxtı Podqoritsa şəhərinə səfər edib. Qurumdan SİA-ya verilən xəbərə görə, İnsan Resurslarının İdarə Olunması İdarəsində təşkil olunan görüşdə "Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya və Monteneqronun İnsan Resurslarının İdarə olunması İdarəsi arasında 2014-2015-ci illər üçün əməkdaşlıq üzrə Fəaliyyət Planı" Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilov və Monteneqronun İnsan Resurslarının İdarə olunması İdarəsinin direktoru Svetlana Vukoviç tərəfindən imzalanıb.

İmzalanma mərasimindən sonra Bəhram Xəlilovun rəhbərlik etdiyi nümayəndə heyətinə İnsan Resurslarının İdarə Olunması İdarəsinin fəaliyyəti ilə bağlı məlumat verilib, onun fəaliyyəti və strukturu, "Monteneqroda peşəkar təlim sistemi", "dövlət qulluğunda islahatlara uyğun olaraq işəqəbul mərhələsi", "dövlət qulluqçularının mərkəzləşdirilmiş qaydada Reyestrinin aparılması- əhəmiyyəti və problemləri" mövzularında təqdimatlar edilib.

Sonra Monteneqronun Daxili İşlər Nazirliyinin nümayəndəsi dövlət qulluğunda son zamanlar aparılan islahatlar barədə Komissiyanın nümayəndə heyətinə məlumat verib.

Yanvarın 28-də Bəhram Xəlilovun rəhbərlik etdiyi nümayəndə heyəti Danilovqrad bələdiyyəsinin sədri ilə görüşüb. Görüşdə bələdiyyə sədri şəhərdə görülən işlər, həyata keçirilməsi nəzərdə tutulan layihələr, həmçinin, Azərbaycan və Monteneqro əlaqələrinin yüksək templə inkişafından danışıb. Dövlət İdarəçiliyi üzrə Regional Təlim Məktəbinə səfər edən nümayəndə heyətinə Təlim Mərkəzinin fəaliyyəti barədə məlumat verilmiş və təqdimatlar edilib.

Nümayəndə heyəti həmçinin, Monteneqro parlamentində vitse-prezident Sulyo Mustafiç və parlamentin Beynəlxalq əlaqələr və Emiqrantlar Komitəsinin prezidenti Miodraq Vukoviç ilə görüşüb. Görüş zamanı iki ölkə arasında siyasi-iqtisadi sahələrdə əməkdaşlığın inkişafı barədə məlumat verilib, eləcə də imzalanan Fəaliyyət Planının ölkələr arasında dövlət idarəçiliyi, institusional quruculuq sahəsində önəmi vurğulanıb.

Komissiyanın nümayəndə heyəti bu gün Monteneqronun qədim paytaxt şəhəri olan Çetinyeyə, Kotor və Budvaya səfər ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə