Raqif Abbasov: "2 fevral Azərbaycan gəncliyinin hesabat dövrüdür" MÜSAHİBƏ
Bakı Şəhər Gənclər və İdman baş İdarəsinin rəisi Raqif Abbasovun SİA-ya müsahibəsi
- 2 fevral "Gənclər günü"dür. Ölkəmizdə gənclər siyasəti ilə bağlı çox mühüm işlər görülür. İdarə rəisi olaraq bu işləri necə qiymətləndirirsiniz?
- 2 fevral "Gənclər günü" ölkə gənclərinin hesabat günü kimi qiymətləndirilir. Bu günün təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən 1996-cı ildə I Gənclər Forumunda qoyulub. Hər il 2 fevral Azərbaycan gəncliyinin hesabat dövrü sayılır. Bütün gənclər təşkilatları, dövlət qurumları, QHT-lər, tələbə hərəkatı birmənalı olaraq bu günlə bağlı müxtəlif silsilə tədbirlərə hazırlaşır. Bu tədbirlər vasitəsilə çalışacağıq ki, görülən işlərin hesabatına və qarşıda duran işlərimizə də toxunaq.
- Baş İdarənin 2 fevral "Gənclər Günü" ilə bağlı planına nələr daxildir?
- İdarənin bu günlə bağlı bir çox tədbirləri artıq başlayıb. Bu tədbirlər kütləvi bədən tərbiyəsi, müxtəlif idman yarışları, döyüş növləri digər sahələri əhatə edir. Bir çox tədbirlərimiz məhz 2 fevral gününə təsadüf edəcək. Paytaxtın bütün inzibati rayonlarının gənclər və idman idarələri Gənclər və İdman Nazirliyinin müvafiq əmrinə əsasən bir sıra tədbirlər həyata keçirəcək. Baş idarə olaraq biz həm dəyirmi masalar, həm sərgilər, həm də bədii konsert proqramları keçirməyi planlaşdırırıq Dəyirmi masaların əsas mövzusu bugünkü gəncliyin nə istədiyi ilə bağlı olacaq. Eyni zamanda fərqlənmiş gənclər təltif olunacaq, ötənilki hesabat ictimaiyyətə təqdim ediləcək. Beynəlxalq əlaqələrimizi nəzərə alaraq ictimaiyyətə bu haqda da məlumat verməyi düşünürük. Bu günlə əlaqədar Fəxri Xiyaban və Şəhidlər Xiyabanına ziyarət təşkil olunacaq . Nazirliyin rəhbərliyi altında yekun bir toplantı keçirilməsi nəzərdə tutulur. Bu tədbirlər fevral ayının 1-dən 3-ə qədər davam edəcək. Bayram istirahət gününə təsadüf etdiyindən bayramdan sonra da çalışaçağıq ki, bu ab-havanı saxlayaq.
- 2014-cü ildə idarənin fəaliyyət planına nələr daxildir?
- Cəmiyyətdən gələn çağırışların, ayrı –ayrı gənclər təşkilatlarının layihələrinin gerçəkləşməsi ilə bağlı işlərimiz bu il də davam edəcək. Bura ailə institutu, tədrisdəki məsələlər, beynəlxalq əlaqələrin gücləndirilməsi, hərbi vətənpərvərlik, media ilə müştərək tədbirlərin, asudə vaxtın səmərəli keçirilməsi ilə bağlı düşərgələr, flaş-mobların və digər tədbirlərin təşkili daxildir. Biz XXI əsrin çağırışını nəzərə alaraq, müasirliyi müxtəlif layihələr vasitəsilə gerçəkləşdirməyə çalışırıq. Bu il həmçinin milli adət-ənənələrin qorunması, himayədarlıq, qaçqın və məcburi köçkünlərlərlə bağlı bir sıra tədbirlərin keçirilməsi də nəzərdə tutulub. Bundan əlavə, valideyn himayəsindən məhrum olan, əqli, fiziki qüsurlu gənclərlə işin qurulması da planlarımıza daxil olan əsas məsələlərdən sayılır. Ümumiyyətlə builki fəaliyyət planına bir çox işlər daxildir və düşünürük ki, bu işlər cəmiyyət üçün maraqlı olacaq.
- Bu il idarənin beynəlxalq əlaqələrində nə kimi yeniliklər gözlənilir?
- Bilirsiniz ki, bizim müştərək əməkdaşlıq haqqında müəyyən sazişlərimiz mövcuddur. Bu sazişlərdən irəli gələn bir sıra işlər var ki, onlar bu il də davam edəcək. Bu il beynəlxalq əməkdaşlığın genişləndirilməsi məsələsinə daha çox azərbaycanlıların təhsil aldığı ali təhsil ocaqları ilə bağlı münasibətlərin genişləndirilməsi daxildir. Burada əsas məqsədimiz xaricdə təhsil alan gənclərimizə dəstək olmaq, ölkə həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq, Azərbaycançılıq idayalarını təbliğ etmək və digər bir tərəfdən də beynəlxalq əməkdaşlığı genişləndirməkdir. Xəzəryanı dövlətlərin gənclər sturkturu ilə işimiz bu il də davam edəcək. Biz onların, onlar da bizim keçirdiyimiz tədbirlərə qatılacaqlar. Bu görüşlər zamanı daha yeni əməkdaşlıqla bağlı müzakirələr aparılacaq ki, bu da münasibətlərimizin möhkəmlənməsinə gətirib çıxaracaq.
- Gənclər günündən sonra qarşıdan 5 mart "Bədən Tərbiyəsi və İdman Günü" gəlir. İdarənin bu günlə bağlı fəaliyyət planı hazırdırmı və orada nələr nəzərdə tutulur?
- Bu günlə bağlı fəaliyyət planında son tamamlama işləri gedir. Bu gün idmançılar üçün çox əlamətdar bir gündür. Həmçinin bu il Gənclər və İdman Nazirliyinin 20 illiyi tamam olur. Ümummilli Liderin təsdiq etdiyi ilk nazirliklərdən olan GİN modeli bu gün post sovet məkanında, MDB və Şərqi Avropa ölkələrində öyrənilir. Təbii ki, bu modeldə idman sahəsindəki uğurlarımızın da müəyyən payı var. Bu il ölkəmiz bir çox Avropa, Dünya Çempionatlarına ev sahibliyi edəcək. İdman günündə bu idman növlərinin daha geniş təbliğatına çalışacağıq. İdman günü ilə əlaqədar sərgilər keçiriləcək, ədəbiyyat çap olunacaq. Azərbaycan I Avropa Oyunlarına ev sahibliyi hüququ qazanıb və bu baxımdan idman günü oyuna hazırlıq işlərimizin hansı yerdə olduğunu ictimaiyyətə çatdırmaq üçün bir fürsət olacaq. Bundan əlavə həmin günlə əlaqədar müxtəlif yarışlar təşkil olunacaq. Bu il idman növlərinin sayının 60-a çatdırılmasını hədəfə almışıq. İdman günündə bu məsələlər də müzakirə ediləcək.
- İlk Avropa Oyunlarına 500 gündən də az vaxt qalıb. Bu oyunla bağlı hazırlıq işlərini necə qiymətləndirirsiniz?
- Ölkə başçısı, Milli Olimpiya Komitəsinin rəhbəri cənab İlham Əliyev bu oyunların gerçəkləşməsində əvəzsiz rola malikdir. Bu artıq beynəlxalq müstəvidə müzakirə edilir. Ölkəmizdə təşkil olunacaq tarixi gününün, böyük bayramın Avropa Qitəsində öyrənilməsi üçün əlimizdən gələni etməyə çalışacağıq. Oyunla bağlı nəzərdə tutulan işlər cədvələ uyğun olaraq davam etdirilir. Ölkəmizə gələcək 49 ölkədən 5000-dən çox idmançı onlar üçün yaradılan olimpiya kəndində yerləşdiriləcək. Bu məkan yadda qalan bir məkan olacaq... Bundan əlavə iştirakçıları bir çox yeniliklər gözləyir ki, bu yeniliklərlə bağlı zaman-zaman açıqlama verəcəyik. Düşünürük ki, bu oyunda idmançılarımızın nəticələri bizi sevindirəcək. Hazırda bu oyuna hazırlıqla bağlı çox işlək və işgüzar komanda mövcuddur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB