Olimpiadaların mükafatlandırma mərasimi keçirilib

Olimpiadaların mükafatlandırma mərasimi keçirilib

Ötən gün Azərbaycan Respublikası Prezidentinin yanında Gənclər Fondunun maliyyə, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) təşkilati dəstəyi ilə tələbələr arasında keçirilən "Tibbi biliklər", "İqtisadi biliklər" , "Tarix", "Psixologiya" mövzularında olimpiadaların bağlanış mərasimi keçirilib. ATGTİ-nin mətbuat katibi Hüseyn İsmayılovun SİA-ya verdiyi məlumata görə, tələbələr arasında ilk dəfə bu cür müxtəlif mövzular üzrə və genişmiqyaslı keçirilən 4 olimpiadada 4000-ə yaxın tələbə iştirak edib.

I İqtisadi Biliklər Olimpiadası Azərbaycan Dövlət İqtisad Universitetinin TGT-si, Tələbələrarası I Tarix Olimpiadası AR Prezidentinin yanında Dövlət İdarəçilik Akademiyasının TGT-si, Tələbələrarası I Psixologiya Olimpiadası Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin TGT-si, Tələbələrarası I Tibbi Biliklər Olimpiadası Azərbaycan Tibb Universitetinin TGT-sinin təşəbbüsü ilə həyata keçirilib.

ATGTİ-nin sədri Şahin İsmayılov tədbiri açaraq TGT-lərin təşəbbüsü ilə həyata keçirilən bu layihələr haqqında tədbir iştirakçılarına geniş məlumat verib.

Daha sonra Gənclər və İdman nazirinin müavini İntiqam babayev çıxış edərək, keçirilən olimpiadaların mövzularının həyati əhəmiyyətli olduğunu bildirərək, gənclərimizin uğur qazanmasında bu mövzuları dərindən bilməsinin vacib olduğunu qeyd edib.

Sonda Gənclər fondunun aparat rəhbəri Faiq Qürbətov çıxış edib və fonda təqdim olunan layihələr arasında ATGTİ tərəfindən təqdim olunan layihələrin yalnız kəmiyyət deyil, həmçinin də keyfiyyət baxımından digər layihələrdən fərqləndiyini bildirib.

Qeyd edək ki, olimpiadalarda ilk üç yerin qalibləri müvafiq olaraq diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıblar. Digər olimpiadalardan fərqli olaraq Tibbi Biliklər olimpiadasının qaliblərinə AİDA klinikasından xüsusi hədiyyələr təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə