“Bələdiyyələrin təbliğatı zəif olduğundan, təsəvvürdə ölü orqan kimi canlanır" Münasibət
"Azərbaycanda bələdiyyələrin təbliğatı çox zəifdir. Axı niyə bələdiyyələr özünü təbliğ edə bilmir? Bələdiyyələrin işində mövcud olan nöqsanlar hər kəsə bəllidir, lakin bununla işi bitirmək olmaz. Misal olaraq, elə bələdiyyələrimiz var ki, bir çox xeyirxah işlər həyata keçirir". SİA-nın xəbərinə görə, bu fikirləri Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Tahir Rzayev bələdiyyələrin fəaliyyəti barədə danışarkən deyib.
Onun sözlərinə görə, Nizami rayon bələdiyyəsi 3 ildir ki, 80-90 nəfərə pulsuz yemək paylayır: "Lakin bu kimi xeyirxah işlər bir dəfə də olsun işıqlandırılmır. Elə bələdiyyələrimiz də var ki, körpülər salır, məktəblərin inşasına köməklik edirlər. Bələdiyyələr həmçinin ölkədə aparılan yaşıllaşdırma tədbirlərində kütləvi şəkildə iştirak edirlər. Bununla yanaşı, bir sıra ərazilərdə bələdiyyələrin özlərinin parkları yaradılıb. Görülən bütün bu işlər lazımi səviyyədə təbliğ olunmadığından, bələdiyyələr təsəvvürdə ölü orqan kimi canlanır. Qarşıdan bələdiyyə seçkiləri gəlir və istəyim odur ki, bələdiyyələrin gördüyü işləri lazımi səviyyədə təbliğ edək. Onlar bir nümunə kimi başqalarına örnək olmalıdır. Bununla da digərlərinə təsir göstərə bilərik".
"Təəssüf ki, bələdiyyələrin fəaliyyətindən danışanda hər zaman torpaq problemi yada düşür. Unutmaq lazım deyil ki, bələdiyyələrin işi tək torpaq məsələsi ilə bağlı deyil. Bütün bunlara görə də bələdiyyələrin üzərinə düşən məsuliyyəti daha da artırmaq lazımdır" – deyə, millət vəkili məsələ ilə bağlı fikirlərinə əlavə edib.
Komitə üzvü Fəzail İbrahimli vurğulayıb ki, bəzi bələdiyyələr tənbeh olunmalıdır: "Elə torpaqlar var ki, onlar heç bələdiyyələrin özlərinə də məlum deyil. Buna görə də ölkəmizdə yararsız bələdiyyələrin olması danılmaz faktdır".
Komitənin digər üzvü Qalib Salahzadə isə Bakıda bələdiyyələrin xəritəsinin olmamasından şikayətlənib: "14 ildir ki, bu xəritələr bələdiyyələrə verilmir. Bakı şəhər torpaq şöbəsi də xəritəsiz olan bələdiyyə torpaqlarını "darmadağın" edir. Torpaqların xəritəsinin olmaması bələdiyyə sədrlərini gələcəkdə oğru adlandırılmasına gətirib çıxarır. Ona görə də bələdiyyələrin ərazilərində olan torpaqların hamısının xəritəsi çəkilməlidir. Həmin xəritələrin olması bələdiyyələrin özlərinə xeyirdir. Belə ki, xəritələrin mövcudluğu torpaqların bələdiyyələrin sərəncamına verilməsi deməkdir. Bütün bunları nəzərə alaraq torpaqların xəritələşməsi vacibdir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB