Birləşmiş Ərəb Əmirliyində ingilis dilində nəşr olunan nüfuzlu "Arabian gazette" qəzetində jurnalist Rahma Raşdinin dahi Azərbaycan şairi Nizami Gəncəvinin yaradıcılığından, Heydər Əliyev Fondunun təşkilatçılığı və Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi ilə Parisin Məktublar və Əlyazmalar Muzeyində, Strasburqun Reyn sarayında keçirilən sərgilərdən bəhs edən "Nizami Gəncəvi-böyük romantik və epik şair" sərlövhəli məqaləsi dərc olunub. SİA-nın AzərTac-a istinadən verdiyi xəbərə görə, məqalədə, Nizami Gəncəvinin (1141-1209) Xll əsrdə intibah dövrünün və Azərbaycanın böyük filosof şairi olduğu, söz sərrafının romantik duyğularla zəngin "Leyli və Məcnun" əsəri əsasında eyni adlı tamaşanın hazırlandığı, bu poemanın Şekspirin "Romeo və Culyetta" əsərindən xeyli əvvəl qələmə alındığı və dünyada məşhur olduğu xatırlanır.
Müəllif, şairin üçüncü epik poeması olan "Leyli və Məcnun" əsərinin 1188-ci ildə tamamlandığını, əsərin əsas məzmununun ərəb əfsanələrindən alındığını, psixoloji məqamlarla zəngin əsərdə iki gəncin nakam məhəbbətindən söhbət açıldığı barədə oxuculara ətraflı məlumat verib.
Məqalədə qeyd edilib ki, Nizami Gəncəvi şair olmaqla yanaşı, həm də dövrünün filosofu, astroloqu, həkimi, rəssamı, coğrafiyaşünası və tarixçisi olub.
Jurnalist şairin Azərbaycanın qədim şəhəri və dilbər guşəsi Gəncədə anadan olduğunu, onun xatirəsinə şəhər yaxınlığında mərmərdən məqbərənin inşa edildiyini, Bakıda ədəbiyyat muzeyinin şairin adını daşıdığını, əsərlərində zəngin müsəlman sivilizasiyasının ənənələrini yaşatdığını, bərabərlik, qardaşlıq və azadlıq kimi ideyaların əks olunduğunu və bütün bunların bu günün tələbi ilə səsləndiyinə görə aktuallığını itirmədiyini oxucuların diqqətinə çatdırıb.
Yazıda dövrünün tanınmış alim və şəxsiyyətlərindən olan Biruni, əl-Farabi, Rumi, Hafiz, Cami, Aristotel, Platon və digər dahilərin əsərləri ilə yaxından tanış olan, onların yaradıcılığından bəhrələnən Nizami Gəncəvinin mükəmməl "Xəmsə" yaratdığı və bu əsərin nəinki Şərq, həm də dünya ədəbiyyatının nadir incilərindən biri olduğu xüsusi vurğulanır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB