Eldar Namazov Morninqstarın göstərişi ilə Milli Şuranı tərk etdi

Eldar Namazov Morninqstarın göstərişi ilə Milli Şuranı tərk etdi

Bu gün "EL" hərəkatının rəhbəri Eldar Namazov qurumun idarə heyətinin iclasını keçirərək ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstarla görüşü barədə məlumat verib. SİA-nın olaylar.az saytına istinadən verdiyi məlumata görə, Eldar Namazov bildirib ki, görüş zamanı, o, ABŞ səfirinə "El" hərəkatı, 2013-cü il prezident seçkilərində qurumun fəaliyyəti və gələcək planları barədə məlumat verib, həmçinin Morninqstarla Milli Şurada mövcud durum, müxalifət partiyaları arasında ziddiyyətlərin kəskinləşməsi və digər məsələləri müzakirə edib.

Mənbənin sözlərinə görə, Morninqstar "El" hərəkatını izlədiklərini və təşkilatın gələcək fəaliyyəti ilə bağlı konkret planlarının olduğunu açıqlayıb. ABŞ səfiri bildirib ki, Milli Şuranın mövcud miskin durumu, AXCP və Müsavat arasında ziddiyyətlərin daha da kəskinləşməsi onun ciddi məyusluğuna səbəb olub. Səfirin sözlərinə görə, davamlı daxili qarşıdurma şəraitində yaşayan partiyalar aparıcı qüvvə missiyasını yerinə yetirə və hakimiyyətə qarşı real güc ortaya qoya bilməzlər. Onlardan fərqli olaraq, "El" hərəkatı güclü siyasi qüvvə, "ana müxalifət" olmaq üçün potensiala malikdir. Bunun üçün "El" hərəkatı partiyaya çevrilməli, fəaliyyətini genişləndirməli, regionlarda ciddi təşkilatlanma işi aparmalı və üzvlərinin sayını artırmalıdır. Ziyalıların quruma cəlb edilməsi işinə xüsusi diqqət verilməlidir. Yeni yaranacaq partiyanın ideoloji fəaliyyətini gücləndirmək və təbliğatını işini təşkil etmək üçün internetdə ciddi iş təşkil olunmalı, həmçinin mətbuat orqanı təsis edilməlidir. Morninqstar bir vaxtlar Eldar Namazovun rəhbərliyi ilə çıxan "Panorama" qəzetinin fəaliyyətinin bərpa olunmasını təklif edib.

Ölkənin ictimai-siyasi həyatında fəallığın artırılması məsələsinə gəldikdə, ABŞ səfiri Namazova deyib ki, "El" ölkədəki siyasi proseslərdə aktiv iştirak etməli, digər müxalifət partiyaları, QHT sektoru ilə yaxından əməkdaşlıq etməli və ən əsası, bələdiyyə seçkiləri də daxil olmaqla qarşıdan gələn bütün seçkilərdə iştirak etməlidir. Səfirin sözlərinə görə, bütün bunlar "El"ə real müxalifətə çevrilməyə və "ana mxalifət" missiyasını öz üzərinə götürməyə şərait yaradacaq.

R.Morninqstar bu planları həyata keçirmək üçün ciddi maliyyə resurslarına ehtiyac olacağını bildiyini və tövsiyələrin yerinə yetirilməsi istiqamətində real addımlar atılacağı təqdirdə "El"ə hərtərəfli dəstək göstəriləcəyini vəd edib.

"EL" Hərəkatının sədri Eldar Namazov Milli Şurada fəaliyyətinə artıq xitam verib. Bu haqda Qaynar.info-ya Eldar Namazovun özü bildirib. Onun sözlərinə görə, "EL" Hərəkatı ilə Milli Şuranın münasibətinə bir müddət əvvəl aydınlıq gətiriblər: "Biz Milli Şurada iştirak edib-etməməklə bağlı qərarın fərdi qaydada verilməsini düzgün hesab etmişdik. "EL" Hərəkatının Milli Şurada olan üzvlərinin bəzisi bu qurumdan çıxdığını bildirib, bəzi üzvlərimiz isə Milli Şurada fərdi qaydada fəaliyyətini davam etdirir. Mənim özüm də, mətbuata açıqlamam zamanı bildirmişdim ki, gələcək fəaliyyətimi daha çox hərəkatın təşkilatlanma məsələlərinə həsr etməyi planlaşdırıram.

Yanvarın 24-də hərəkatın İdarə Heyətinin toplantısı keçirilib, qurultaya hazırlıq üzrə Təşkilat Komitəsi yaradılıb və Təşkilat Komitəsinə sədrlik mənə həvalə olunub. Bizi qarşıda kifayət qədər böyük təşkilati işlər gözləyir. Eləcədə qurultayın keçirilməsi, hərəkatın rəsmən dövlət qeydiyyatına alınması, qarşıdan gələn bələdiyyə və parlament seçkilərində iştirak etmək kimi niyyətimiz var. Bütün bu işlərin çoxluğunu nəzərə alaraq, mən Milli Şurada fərdi fəaliyyətimə xitam verirəm".

Eldar Namazov sonda Milli Şurada qalan, eləcə də bu qurumdan çıxan və əvvəldən Milli Şuraya qoşulmayan dostlara uğurlar arzu edib.

Bütün xəbərlər Facebook səhifəmizdə