Cəbhə xəttində gərginlik davam edir

Cəbhə xəttində gərginlik davam edir

Azərbaycanın düşmənlə təmas xətti olan Tovuz rayonunun Əlibəyli kəndində gərginlik davam edir. SİA-nın bölgə müxbirinin verdiyi xəbərə görə, Tovuz rayonunun düşmənlə təmas xəttində olan Əlibəyli kəndi artıq bir neçə gündür ki, erməni silahlı qüvvələri tərəfindən atəşə məruz qalıb. Davam edən atəş səsləri kənd sakinlərini narahat etməyə başlayıb. Sakinlərin sözlərinə görə, düşmənin cəbhə boyunca olan silahlı qüvvələri, xüsusi ilə gecə saatlarında müxtəlif çaplı silahlardan atəş açmağa başlayır. Düşmən əsasən işıq gələn evləri və mülkü vətəndaşları atəşə tutur.

Erməni silahlı qüvvələri son günlər xüsusi ilə iri çaplı silahlardan və yanar güllələrdən daha çox istifadə edir. Düşmənlər mülkü vətəndaşlara, evlərə, hətta kəndarası yolu ilə hərəkət edən mülkü vətəndaşların avtomobillərinə də atəş açırlar. Ardıcıl olaraq bir neçə gün davam edən atəş səsləri, düşmən mövqeyi ilə üzbəüz 50-100 metrlik məsafədə olan evlərin sahiblərini narahat edib.

Qeyd edək ki, bu gün Əlibəyli kəndində hələki sakitlik hökm sürür.

Kamran Əskiparalı

Bütün xəbərlər Facebook səhifəmizdə