Səlim Müslümov Lənkəranda vətəndaşları qəbul edib

Səlim Müslümov Lənkəranda vətəndaşları qəbul edib

Yanvarın 24-də Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov Lənkəran rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin inzibati binasında cənub bölgəsindən olan vətəndaşları qəbul edib. SİA-nın Cənub bürosunun məlumatına görə, Lənkəranla yanaşı, Lerik, Astara, Yardımlı, Masallı və Cəlilabad rayonlarından ümumilikdə 100 nəfərə yaxın sakini qəbul edilib. Müraciətlərdə ünvanlı dövlət sosial yardımlarının təyinatı və əlillik dərəcələrinin verilməsi, mənzil, maşın və reabilitasiya vasitələri ilə təmin olunma, məşğulluğun təminatı və s. məsələlər üstünlük təşkil edib.

Müraciətlərdə qaldırılan bəzi məsələlər yerindəcə həllini tapıb, digərləri isə nazirliyin müvafiq əməkdaşlarının iştirakı ilə araşdırılması üçün qeydiyyata alınıb.

Nazir S.Müslümov müraciətlərdə qaldırılan bütün məsələlərin obyektiv və ədalətli şəkildə araşdırılaraq konkret tədbirlər görülməsi və nəticəsi barədə nazirliyin rəhbərliyinə və vətəndaşlara məlumat verilməsi barədə aidiyyatı strukturların rəhbərlərinə göstəriş verib.

Sonda ehtiyacı olan 5 nəfər vətəndaş əlillik arabaları ilə təmin olunub.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə