Regional məsələlər komitəsi ilk iclasını keçirib

Regional məsələlər komitəsi ilk iclasını keçirib

Bu gün Milli Məclisin Regional məsələlər komitəsinin yaz sessiyası üçün ilk iclası keçirilib. SİA-nın xəbərinə görə, iclasın gündəliyinə 5 məsələnin müzakirəsi daxil edilib. Gündəlik barədə millət vəkillərinə məlumat verən komitə sədri Arif Rəhimzadə bildirib ki, gündəliyin ilk müzakirə olunacaq mövzusu komitənin 2013-cü il payız sessiyasında gördüyü işlər barədə hesabatdır: "Həmin dövrdə komitənin 4 iclası keçirilib, 5-i qanun layihəsi olmaqla 7 məsələ müzakirə olunub. Hesabat dövründə qanunvericilik təşəbbüsü qaydasında komitəyə daxil olan qanun layihələrinin hamısı Milli Məclisdə qəbul edilib".

Arif Rəhimzadə onu da qeyd edib ki, komitənin üzvləri AŞPA, ATƏT PA, MDB PA və TürkPA-nın sessiyalarında, digər beynəlxalq tədbirlərdə, həmçinin ölkəmizin ictimai-siyasi həyatında, xüsusilə Prezident seçkilərində yaxından iştirak ediblər: "Azərbaycanın qazandığı uğurlar barədə obyektiv məlumatların beynəlxalq ictimaiyyətə çatdırılmasında səmərəli fəaliyyət göstəriblər. Payız sessiyasında komitəyə daxil olan 236 məktub, təklif, ərizə və şikayətə baxılıb, onlardan 140-ı araşdırılmaq üçün müvafiq təşkilatlara göndərilib. Sessiya ərzində Regional məsələlər komitəsinin üzvləri parlamentdə 650-dən çox vətəndaşı qəbul edib, yerlərdə seçicilərlə çoxsaylı görüşlər keçiriblər".

Deputatların yekdil qərarı ilə komitənin fəaliyyəti uğurlu sayılıb və hesabat nəzərə alınıb.

Sonra iclasda Regional məsələlər komitəsinin 2014-cü il yaz sessiyası üçün iş planının layihəsi müzakirəyə çıxarılıb. Fikir mübadiləsi aparılıb və iş planı təsdiqlənib.

İclasda həmçinin "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi haqqında" məsələyə də baxılıb. Məruzəni təqdim edən Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin rəisi Mehdi Səlimzadə vurğulayıb ki, 2013-cü il yerli özünüidarə orqanlarının fəaliyyəti baxımından uğurlu olub: "Bir çox bələdiyyələr qarşılarında duran vəzifələri layiqincə yerinə yetirərək abadlıq-quruculuq işlərində fəallıq göstəriblər, sosial-iqtisadi layihələr həyata keçiriblər. Bələdiyyələrin beynəlxalq əməkdaşlığı da uğurlu olub, əlaqələri genişlənib".

Onun sözlərinə görə, bələdiyyələrin fəaliyyəti ilə bağlı daxil olan vətəndaşların müraciətlərinə baxılması ən vacib məsələlərdən biri olub: "Vətəndaşların müraciətlərinin sayında keçən illə müqayisədə 17 % artım olub. 2012-ci ildə 48 müraciət tərəfimizdən təmin olunurdusa, keçən il bu rəqəm 98 olub. Bu da 104 % müraciət artımı deməkdir. Bununla yanaşı, 22 vətəndaş göstərilən xidmətə görə ərizə formasında bizə təşəkkür məktubları göndərib. Eyni zamanda bələdiyyələrin fəaliyyəti ilə bağlı daxil olan aktların sayında hər il olduğu kimi, bu il artım müşahidə edilib. Belə ki, bu artım 14 % təşkil edib. 2012-ci ildə bələdiyyələrin fəaliyyəti ilə əlaqədar 517 inzibati xəta protokolları tərtib edildiyi halda, bu rəqəm keçən il 415 olub. Bu da 20 faiz azalma deməkdir. Azalmanın əsas səbəbi bu sahədə maarifləndirmə işinin gücləndirilməsidir".

Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin rəisi onu da qeyd edib ki, vətəndaşlar tərəfindən daxil olan müraciətlərin 52 %-i sakinlərin bələdiyyələrdən kömək istəmələri ilə bağlı olub: "Aşkar olunan nöqsanlarla bağlı görülən hüquqi tədbirlərin miqdarı da aşağı olub".

Müzakirələrdə deputatlar Fəzail İbrahimli, Qalib Salahzadə, Rüstəm Xəlilov, Tahir Rzayev, Azər Badamov çıxış edərək rəy və təkliflərini bölüşüblər.

Mehdi Səlimzadə deputatları maraqlandıran suallara aydınlıq gətirib.

Komitə bu məruzəni parlamentin plenar iclasına tövsiyə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə