2014-cü ilin “Gənclər Paytaxtı” seçimi başladı

2014-cü ilin “Gənclər Paytaxtı” seçimi başladı

Azərbaycanın "Gənclər Paytaxtı"nın seçilməsində yaşadığı yerindən, vətəndaşlığından, yaşından, milliyətindən asılı olmayaraq hər kəs bərabər hüquqla iştirak edə bilər. Gənclər və idman Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, bunun üçün www.genclerpaytaxti.az internet saytına daxil olmaqla 2014-cü ilin "Gənclər Paytaxtı" nı seçmək mümkündür.

Xatırladaq ki, "Gənclər Paytaxtı" "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramına müvafiq olaraq 2012-ci ildən başlayaraq hər il həyata keçirilir. Bakı şəhəri istisna olmaqla keçirilən səsvermədə 2012-ci ilin "Gənclər Paytaxtı" Gəncə şəhəri, 2013-cü ilin "Gənclər paytaxtı" isə Biləsuvar şəhəri seçilib.

Qeyd edək ki, bu il Təşkilat Komitəsi tərəfindən "Gənclər Paytaxtı"nın seçim qaydalarına dəyişikliklər edilib. Yeni qaydalara əsasən seçim 2 mərhələdə həyata keçirilir. İlk mərhələdə Təşkilat Komitəsi tərəfindən namizədliyi irəli sürülən şəhər və rayonlar arasında təqdim olunan sənədlərə əsasən seçim aparılmış, səsvermə siyahısı formalaşdırılmışdır. Bu il "Gənclər Paytaxtı"nın seçimi ilə bağlı elan edilmiş müsabiqəyə 27 şəhər (rayon) tərəfindən namizədlik irəli sürülmüş, onlardan 15-i səsvermə siyahısına daxil edilərək ikinci mərhələyə buraxılmışdır. İkinci mərhələ ötən illərdə də olduğu kimi internet səsverməsi vasitəsi ilə həyata keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə