Azərbaycan və Türkiyə arasında dövlət qulluğu sahəsində əməkdaşlıq

Azərbaycan və Türkiyə arasında dövlət qulluğu sahəsində əməkdaşlıq

"Türkiyə ilə Azərbaycan Respublikası arasında dövlət qulluğunun idarə olunmasının inkişafı və dəstəklənməsi sahələrində əməkdaşlıq Protokolu" çərçivəsində "Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya və Türkiyənin Dövlət Kadrlar İdarəsi arasında 2014-2015-ci illər üçün əməkdaşlıq üzrə Fəaliyyət Planı"nın imzalanma mərasimi keçirilib. SİA-nın xəbərinə görə, Fəaliyyət Planını Komissiyanın sədri Bəhram Xəlilov və Türkiyənin Dövlət Kadrlar İdarəsinin sədri Mehmet Ali Kumbuzoğlu imzalayıb.

Görüş zamanı dövlət qulluğu sahəsində iki qardaş ölkədə aparılan islahatlar barədə danışan B. Xəlilov bildirib ki, Komissiya ilə Türkiyənin Dövlət Kadrlar İdarəsi arasında əməkdaşlığa dair ilk protokol imzalanıb. Həmin protokolun əsasında əməkdaşlıq davam edir.

Onun sözlərinə görə, Fəaliyyət Planında 2014 və 2015-ci illər ərzində hər il üçün qarşılıqlı işgüzar səfərlərin həyata keçirilməsi nəzərdə tutulur: "Səfərlər zamanı dövlət qulluğunda islahatlar və insan resurslarının idarə olunması sahəsinə dair yeni yanaşmalar nəzərdən keçiriləcək, dövlət qulluğuna qəbul, dövlət qulluqçularının peşə hazırlığı, etik davranış qaydalarına nəzarət sistemi, dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi, rotasiya sisteminin tətbiqi, dövlət qulluğunda şəffaflıq, xidmətlərin çatdırılmasında qərəzsizliyin təmin olunması, dövlət qulluqçularının vəzifədə yüksəlişi sahəsində müzakirələr aparılacaq".

Türkiyə Respublikasının Dövlət Kadrlar İdarəsinin sədri Mehmet Ali Kumbuzoğlu isə qeyd edib ki, hər iki ölkənin rəhbərliyi tərəfindən dövlət idarəçiliyi sahəsində əməkdaşlığa böyük önəm verilir: "Biz Azərbaycanla dövlət idarəçiliyi sahəsində əməkdaşlığımızı inkişaf etdirmək niyyətindədyik. Bunun üçün dövlət qulluğunun idarə olunmasının inkişafı və dəstəklənməsi sahələrində müxtəlif layihələr həyata keçiriləcək".

Eyni zamanda, Fəaliyyət Planında dövlət qulluğu sisteminə dair təlim proqramları və seminarların təşkil edilməsi, zərurət olduğu halda, dövlət qulluğu və insan resurslarının inkişafına dair nəşrlər mübadiləsinin aparılması da qeyd olunur.

Qeyd edək ki, imzalanma mərasimində Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun da iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə