MDB Humanitar Əməkdaşlıq Fondunun yeni icraçı direktoru fəaliyyətə başlayıb
Müstəqil Dövlətlər Birliyi Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun (DHƏF) yeni icraçı direktoru Anatoli İksanovun bu vəzifədə fəaliyyətə başlaması ilə əlaqədar Moskvada mətbuat konfransı keçirilib. Tədbirdə Fondun İdarə Heyətinin sədri, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu iştirak edib.
A.İksanov bildirib ki, fond MDB ölkələri ilə yanaşı, Baltikyanı dövlətlər və Gürcüstan ilə əməkdaşlığa üstünlük verəcək: "Biz təkcə MDB ölkələri ilə deyil, Gürcüstan və Baltikyanı dövlətlərlə yeni təmas nöqtələri tapmalıyıq. Bizim keçmiş sovet məkanında çoxlu dostlarımız var və biz onlarla əməkdaşlığa can atırıq".
Yeni icraçı direktor vurğulayıb ki, bu il Taras Şevçenkonun 200 illik yubileyinə həsr olunmuş forum, habelə Böyük Vətən müharibəsində qələbənin 70 illiyi ilə bağlı tədbirlər nəzərdə tutulub.
Fondun İdarə Heyətinin sədri, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Fondun fəaliyyətinin dövlətlərarası humanitar əməkdaşlığa dəstək verməkdən və inkişaf etdirməkdən ibarət olduğunu bildirib. Onun sözlərinə görə, keçirilməsi planlaşdırılan 9-cu elmi-yaradıcılıq forumunun başlıca məqsədi MDB ölkələrinin humanitar inteqrasiyasını gücləndirməkdir: "Bu forum elm və mədəniyyət xadimlərinin müzakirə meydanıdır".
Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq məsələləri üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy çıxışında fondun dövlətlərin dostluğu sayəsində yarandığını və artıq yüzlərlə layihənin gerçəkləşdiyini deyib.
MDB Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu 2006-cı ildə yaradılıb. Fonda Azərbaycan, Rusiya, Belarus, Qazaxıstan, Tacikistan, Özbəkistan, Qırğızıstan və Ermənistan daxildir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB