Yanvarın 22-si II Dünya müharibəsinin igid sərkərdələrindən biri, iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanovun doğum günüdür. Sia-nın Cənub bürosunun verdiyi məlumata görə, bununla əlaqədar Lənkəranda qəhrəmanın adını daşıyan Xatirə parkında tədbir keçirilib.
Lənkəran Şəhər İcra Hakimiyyətinin, ümumtəhsil məktəblərinin müəllim və şagird kollektivlərinin, ziyalıların, KİV-lərin və ictimaiyyətin nümayəndələrinin qatıldığı "Həzi burda doğulub" adlı ədəbi-bədii kompozisiyanı respublikanın Xalq artisti Qabil Quliyev açaraq Azərbaycanın hərb tarixində misilsiz rolu olan Həzi Aslanovun keçdiyi döyüş yolundan danışıb, onun xatirəsinin Azərbaycan xalqı tərəfindən həmişə əziz tutulduğunu qeyd edib.
Qəhrəmanın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Lənkəran Şəhər İcra Hakimiyyəti Aparatının məsul işçisi Asif İmanlı qəhrəmanın keçdiyi şərəfli həyat və döyüş yolu haqqında qısaca məlumat verib, onun Böyük Vətən Müharibəsi illərində döyüşlərdə göstərdiyi qəhrəmanlıqları bir daha xatırladıb.
Rayon Ağsaqqallar Şurasının sədr müavini Sərhad Məmmədov Həzi Aslanovun Böyük Vətən Müharibəsində göstərdiyi misilsiz şücaətdən, igidliklərdən danışaraq qeyd edib ki, eloğlumuzun rəşadəti bu gün hamımız üçün böyük fəxarət, and yeridir. Bu gün Azərbaycan gəncləri Həzi kimi vətənpərvər, cəsur olmalı, Vətəni onun kimi layiqincə qorumalıdırlar.
Tədbirdə rayonun ümumtəhsil məktəblərinin "Gənc Aslanovçu"larının ifasında Həzi Aslanova, Vətənə, torpağa, qəhrəmanlığa həsr olunmuş şeirlər səslənib.
Tədbirin sonunda iştirakçılar tərəfindən qəhrəmanın abidəsi önünə gül dəstələri qoyulub.
Sərraf Mirsəfəroğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB