Göygöl şəhərində Heydər Əliyev Mərkəzi açılıb

Göygöl şəhərində Heydər Əliyev Mərkəzi açılıb

Yanvarın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Göygöl şəhərində Heydər Əliyev Mərkəzinin açılışında iştirak edib.

Tariximizin şərəfli bir dövrü Azərbaycan xalqının ümummilli lideri, görkəmli dövlət xadimi, ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Xalq və dövlət qarşısında əvəzsiz xidmətləri nəzərə alınaraq paytaxt Bakı ilə yanaşı, bölgələrdə də dahi şəxsiyyətin xatirəsinin əbədiləşdirilməsi üçün çox mühüm işlər görülüb. Göygöl rayonundakı Heydər Əliyev parkında Ulu Öndərin adını daşıyan möhtəşəm Heydər Əliyev Mərkəzinin yaradılması dahi siyasi xadimin xatirəsinin əbədiləşdirilməsi istiqamətində atılan daha bir mühüm addımdır. Heydər Əliyevin həyat və fəaliyyətinin, onun xalqımıza yadigar qoyduğu zəngin irsin yüksək səviyyədə təqdim edildiyi Mərkəzlə yaxından tanışlıq bir daha sübut edir ki, bütün mənalı ömrünü xalqına və Azərbaycan dövlətçiliyinə həsr edən Ulu Öndər hər şeydən çox sevdiyi Vətəni üçün tarixi işlər görüb.

Heydər Əliyev öz fəaliyyəti ilə Azərbaycanda demokratik cəmiyyətə keçid mexanizmini yaratmış, müstəqil və demokratik cəmiyyət formalaşdırmaq kimi tarixi missiyanı öz üzərinə götürüb. Ulu Öndər güclü dövlət və səmərəli iqtisadiyyat amillərinə əsaslanan konsepsiyası ilə müstəqil Azərbaycanın tarixinə şanlı səhifələr yazıb. Mərkəz və onun yerləşdiyi Heydər Əliyev parkı indi Göygölün ən gözəl məkanlarından biridir.

Prezident İlham Əliyev əvvəlcə Heydər Əliyev parkı ilə tanış oldu.

Dövlətimizin başçısına burada aparılan abadlıq və yenidənqurma işləri barədə məlumat verildi. Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilən parkdakı Heydər Əliyev Mərkəzi, Gənclər Mərkəzi, kinoteatr və uşaq əyləncə mərkəzi ən müasir standartlara cavab verir. Burada rayon sakinlərinin asudə vaxtlarını səmərəli keçirmələri üçün hərtərəfli şərait yaradılıb. Parkdakı Yaşıl Teatr bərpa olunub, stolüstü oyunlar zalı fəaliyyət göstərir və uşaqlar üçün xüsusi attraksionlar quraşdırılıb.

Prezident İlham Əliyev parkda tikilmiş Heydər Əliyev Mərkəzinin rəmzi açılışını bildirən lenti kəsdi.

Mərkəzin foyesində dahi şəxsiyyətin büstü qoyulub. Burada Ulu Öndərin siyasi irsini araşdırmaq məqsədi ilə Heydər Əliyev Muzeyi yaradılıb. Muzeydə Ümummilli Liderin uşaqlıq və gənclik illərinə aid şəkillər, həmçinin müxtəlif dövrlərdə çəkilən digər fotolar böyük maraqla qarşılanır. Muzeyin hər bir eksponatı təsdiqləyir ki, tarix yaratdığı dahi insanların ideyalarının və əməllərinin üzərində qərar tutur və Ulu Öndərin taleyi əslində bütün Azərbaycan xalqının taleyidir. Heydər Əliyevin misilsiz xidmətləri milli tərəqqi, qurtuluş və inkişaf salnaməsinə çevrilib. Muzeydə təqdim olunan materiallardan da görünür ki, müstəqil Azərbaycan dövlətinin banisi olan Heydər Əliyevin xidmətləri sayəsində dövlətçilik, azərbaycançılıq, dünyəvilik, müasirlik kimi ideyalar cəmiyyətimizin dəyərlər sisteminin ayrılmaz tərkib hissəsinə çevrilib.

Heydər Əliyev Mərkəzində müxtəlif tədbirlərin keçirilməsi üçün akt və konfrans zalları yaradılıb. Gənclərin asudə vaxtlarının səmərəli təşkili üçün burada rəsm, xalçaçılıq, tikiş dərnəkləri fəaliyyət göstərəcək. Mərkəzdə, həmçinin elektron kitabxana, fotostudiya, şahmat zalı, muğam otağı və 3D kinoteatrı da var.

Orijinal üslubda inşa edilən Heydər Əliyev Mərkəzi Azərbaycanın milli mənəvi dəyərlərinin zənginliyini nümayiş etdirmək baxımından da çox mühüm əhəmiyyət kəsb edir. Ümumilikdə isə bu cür mərkəzlərin inşası Ulu Öndərin siyasi irsinin öyrənilməsi ilə yanaşı, onun gələcək nəsillərə ötürülməsi baxımından da vacibdir. Ulu Öndər istər sovet illəri, istərsə də müstəqillik dövründə Azərbaycanın bütün regionlarının inkişafına xüsusi diqqət yetirib. İndi Göygöldə belə bir Mərkəzin yaradılması dahi şəxsiyyətə rayon sakinlərinin verdiyi real qiymətdir.

Bütün xəbərlər Facebook səhifəmizdə