Azərbaycan Prezidenti Gəncədəki “VEGO” otelində yaradılmış şəraitlə tanış olub
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gəncəyə səfəri çərçivəsində "VEGO" otelində yaradılmış şəraitlə tanış olub.
"VEGO" oteli Gəncə şəhərinin mərkəzində yerləşir. Otel ən müasir standartlar səviyyəsində inşa olunub.
Prezident İlham Əliyevə məlumat verildi ki, burada dünya otel biznesində mövcud olan ən yüksək xidmət göstəriləcəkdir. Otaqlarda qonaqların istirahəti üçün maksimum şərait yaradılıb. Diqqətə çatdırıldı ki, təkcə Gəncə üçün deyil, bölgə üçün də əhəmiyyətli turizm obyekti olan bu otel mükəmməl infrastruktura malikdir.
"VEGO" otelinin istifadəyə verilməsi bölgəyə gələn turistlərin sayına da müsbət təsirini göstərəcək. Otelin ətrafında Şah Abbas məscidi və Çökək hamam yerləşir. Çökək hamam 1606-cı ildə memar Şeyx Bahəddin Məhəmməd Amilin layihəsi əsasında tikilib. Bina günbəzlidir. Hamamda yenidənqurma işləri aparılarkən tarixi görkəm olduğu kimi saxlanılıb. Gəncənin tarixi memarlıq abidəsi sayılan Çökək hamama otelin birinci mərtəbəsindən birbaşa yeraltı tunel var.
Bütün xəbərlər Facebook səhifəmizdə