Şəhid Fərid Əhmədova həsr edilən film nümayiş olunub

Şəhid Fərid Əhmədova həsr edilən film nümayiş olunub

Bu gün "O Film -Studiya"da hazırlanan 2010-cu ildə "İgidliyə görə" medalına layiq görülən şəhid Fərid Əhmədovun ömür yolunu əks etdirən "Hay ver mənə leytenant" adlı filmin təqdimat mərasimi keçirilib. SİA-nın məlumatına görə, tədbirdə Mətbuat Şurasının sədri Əflatun Amaşov, millət vəkili Qənirə Paşayeva, media kapitanları, mədəniyyət və incəsənət xadimləri, QHT rəhbərləri, qəhrəmanın ailə üzvləri və digərləri iştirak ediblər.

İlk olaraq müstəqillik uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra mərasimdə çıxış edən MŞ-nın sədri Əflatun Amaşov bildirib ki, 20 Yanvar faciəsi yaddaşlarda təkcə qanlı gün kimi qalmayıb: "Bu gün həm də qəhrəman Fərid Əhmədovun doğum günüdür. Fərid 1986-cı ildə doğulub. Faciədən düz 4 il əvvəl. O, 2010-cü il sentyabrın 4- də düşmən gülləsinə tuş gələrək şəhid olub. Fəridin məhz 20 yanvar günü dünyaya göz açması heç də təsadüfi deyil".

Millət vəkili Qənirə Paşayeva isə bildirib ki, şəhidlik bir zirvədir: "Bu zirvəyə yetişən hər kəs adını Azərbaycan tarixinə qızıl hərflərlə yazıb. Şəhidlərin tanınması ilə bağlı bu kimi filmlərin çəkilməsi, tədbirlərin həyata keçirilməsi mühümdür. Gənc nəsil bu qəhrəmanları tanımalı, özlərinə örnək götürməlidirlər. Mən istərdim ki, bu filmi bütün televiziya kanalları nümayiş etdirsin. Özü də bir dəfə deyil dəfələlə. Bu cür filmlər qəhrəmanlarımızın yeni nəslə tanıdılmasında mühüm əhəmiyyətə malikdir".

Mərasimin davamında tədbir iştirakçılarına "Hay ver mənə leytenant" adlı film nümayiş olunub.

Mətbuat Şurasının dəstəyi ilə ekranlaşdırılan filmin çəkilişləri Fəridin ata yurdu Cəlilabadda və Bakıda aparılıb. Filmdə şəhidimizin uşaqlıq və gənclik illərini Rəşad və Elvin qardaşları canlandırıblar. Şəmistan Əlizamanlının "Hay ver mənə leytenant" mahnısı film boyu şəhidimiz haqda söhbətləri müşaiyət edir. Fəridin həyat hekayəsini anası Nərgiz xanım, bacısı Gülnarə, dayısı Aslan müəllim və dostları dilə gətiriblər.

Məlumat üçün bildirək ki, Filmin ideya müəllifi M. Həsənov, baş məsləhətçi Ə. Amaşov, layihə rəhbəri B. Qaraca, ssenari müəllifi K. Mirzəyeva, operator M. Əzizli, montaj rejissoru R. İxtiyaroğludur.

Qeyd edək ki, filmdən sonra tədbir iştirakçıları Milli Qəhrəmanlarımız olan Fərid Əhmədov və Mübariz İbrahimovla bağlı xoş sözlərini bildirərək vurğulayıblar ki, şəhidlər heç zaman unudulmur və Azərbaycan xalqı da müstəqilliyi uğrunda canından keçənləri heç bir zaman unutmayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə