Şəmkirdə 20 yanvar şəhidlərinin anım mərasimi keçirilib FOTOLAR

Şəmkirdə 20 yanvar şəhidlərinin anım mərasimi keçirilib FOTOLAR

Şəmkirdə 20 yanvar şəhidlərinin anım mərasimi keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirdə Şəmkir rayon İcra Hakimiyyətinin başçısı Nazim Veysov, YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev, rayonun İdarə, müəssisə və təşkilat rəhbərləri və işçiləri iştirak ediblər.

Tədbir ilk öncə şəhidlər xiyabanını ziyarət etməklə başlanıb və Şəmkir rayonunda 20 yanvar şəhidlərinin xatirəsinə ucaldılmış Abidənin önündə davam etdirilib. Tədbiri Şəmkir rayon İcra Hakimiyyətinin başçısı açaraq geniş çıxış edib.

N.Veysov bildirib ki, Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı il yanvarın 20-də ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından hiddətlənən, Bakının küçələrinə və meydanlarına çıxaraq buna öz qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı Sovet ordusunun döyüş hissələrinin yeridilməsi Azərbaycanda misli görünməmiş faciəyə gətirib çıxardı. Həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar.

N.Veysov qeyd edib ki, Böyük itkilərlə, günahsız insanların qətli ilə nəticələnən 20 Yanvar faciəsi Qorbaçov başda olmaqla, cinayətkar imperiya rəhbərliyinin Azərbaycana qarşı xəyanətkar siyasətinə dözməyən, öz azadlığına, müstəqilliyinə can atan xalqımızın mübarizliyini, əyilməzliyini, məğrurluğunu bir daha nümayiş etdirdi.

Sonra çıxış üçün söz YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyevə verilib. F.Vəliyev qeyd edib ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, əvvəlcədən fövqəladə vəziyyət elan edilmədən, Sovet ordusu Azərbaycana qarşı hərbi əməlliyatlara başladı. Faciə zamanı 147 insan öldürüldü, 800 insan ağır xəsarət aldı, 841 nəfər isə qanunsuz olaraq həbs edildi və coxsayda insan itkin düşmüşdür. Məhz bunun nəticəsində uzun illərdən bəri arzusunda olduğumuz müstəqilliyə qovuşduq və ölkəmiz suverenlik əldə etdi. Bu qanlı hadisələrdən illər keçsə də, xalqımız o müdhiş gecəni daim xatırlayır, bu faciəni törədənlərə öz dərin nifrətini bildirir. Xalqımızın qan yaddaşında əbədi yaşayacaq 20 Yanvar faciəsi respublikamızda hər il Ümumxalq Hüzn Günü kimi geniş qeyd edilir.

Sonra çıxış üçün söz rayon Təhsil şöbəsinin müdiri Məcid Şıxlıniskiyə verilib. M.Şıxlıniski bildirib ki, Azərbaycan xalqının qürur ünvanına çevrilmiş 20 Yanvar hadisələrindən 24 il ötür. Hadisənin başvermə səbəbləri ilə bağlı zaman-zaman müxtəlif fikirlərə, rəylərə rast gəlinsə də, bütün əks mövqelər bir nöqtədə kəsişir: bu tarixi gündə Azərbaycan xalqı əsrlər boyu qəlbində yaşatdığı milli azadlıq və istiqlal istəyindən geri çəkilməyəcəyini, bu müqəddəs amal uğrunda hətta canından belə, keçməyə hazır olduğunu bütün dünyaya nümayiş etdirdi.

Tədbirin sonunda digər çıxış edənlər qeyd ediblər ki, o ağır günlərdə xalqımızın nümayiş etdirdiyi birlik, şəhidlərimizin qəhrəmanlığı indi də Azərbaycanımızın rifahi, torpaqlarımızın tezliklə düşmən tapdağından azad olunması uğrundakı mübarizədə birliyə çağırdılar.

Bütün xəbərlər Facebook səhifəmizdə