20 Yanvar faciəsi xalqımızın qəhrəmanlıq salnaməsidir FOTO

20 Yanvar faciəsi xalqımızın qəhrəmanlıq salnaməsidir FOTO

Nizami rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının birgə təşkilatçılığı ilə 61 saylı orta məktəbdə 20 Yanvar faciəsilə əlaqədar tədbir keçirilib.

Tədbir iştirakçıları öncə məktəbin şəhidi Kamil Əliyevin büstü önünə tər çiçəklər düzüblər, faciə ilə bağlı sərgiyə tamaşa ediblər.

Sonra tədbir işini akt zalında davam etdirib.

İştirakçılar əvvəlcə 20 Yanvar faciəsinin qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Daha sonra çıxış edən Nizami rayon İcra Hakimiyyətinin başçısı,YAP Siyasi Şurasının üzvü Tahir Budaqov keçmiş Sovet ordusunun 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda törətdiyi qətliamdan bəhs edib.

Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin həmin ağır günlərdə Moskvada öz xalqı ilə həmrəylik nümayiş etdirdiyini, bu qətliamı pisləyən bəyanatla çıxış etdiyini diqqətə çatdıran Tahir Budaqov deyib ki, sonradan Azərbaycana qayıdan Ulu öndər dağılmaq təhlükəsi ilə üzləşən ölkənin xilaskarı olub.

İcra başçısı deyib ki, 20 Yanvar Azərbaycanın azadlıq və müstəqillik mübarizəsi tarixində mühüm bir mərhələ olub: "20 Yanvar hadisələri xalqımızın milli mənliyinə, milli azadlıq ruhuna qarşı təcavüz idi. Bu faciəni törətməklə totalitar sovet rejimi özünün cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi. Biz 20 Yanvarı milli matəm, hüzn günü kimi qeyd edirik, ancaq o müdhiş gecəni həm də iftixar hissi ilə xatırlayırıq. Azərbaycan xalqına qarşı törədilmiş cinayət, tökülmüş nahaq qanlar, insanlarımızın vəhşicəsinə qətlə yetirilməsi xalqımızın müstəqillik uğrunda mübarizə əzmini qıra bilmədi. Həmin gecə Azərbaycan xalqı özünün yenilməzliyini, qəhrəmanlığını, Vətənə, torpağa sədaqətini, azadlıq uğrunda mübarizə qüdrətini bütün dünyaya bəyan etdi. Məhz bu fədakarlıq və iradə sayəsində xalqımız müqəddəs arzusuna çatdı, milli azadlığına qovuşdu. Azərbaycan qısa müddət ərzində müstəqil, sürətlə inkişaf edən dövlət kimi dünya birliyində özünün layiqli yerini tutmağa nail oldu".

Çıxış edən digər natiqlər də bildiriblər ki, Ümummilli lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin müdrik və çoxşaxəli fəaliyyətində tarixilik və müasirlik amilini əsas tutaraq milli-mənəvi dəyərlərimizin, qan yaddaşımızın qorunub saxlanılması və inkişaf etdirilməsinə xüsusi diqqət yetirir. Müstəqilliyimizin əldə olunmasında, qorunub saxlanılması və möhkəmləndirilməsində rolu olan insanlara qayğı ilə yanaşır. Gündən-günə Azərbaycanın dövlət müstəqilliyi daha da möhkəmlənir, ölkəmiz sürətlə inkişaf edir, qüdrətlənir. Ordumuz gücləndikcə torpaqlarımızın erməni işğalından azad ediləcəyi gün yaxınlaşır.

Çıxışlardan sonra məktəb kollektivinin hazırladığı ədəbi-bədii kompozisiya nümayiş etdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə