20 Yanvar Təbrizdə də anıldı FOTOLAR

20 Yanvar Təbrizdə də anıldı FOTOLAR

20 Yanvar - Ümumxalq hüzn günü ilə əlaqədar anım mərasimi Təbrizdə də keçirilib. SİA-nın verdiyi məlumata görə, mərasimdə ilk öncə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib və 20 Yanvar tarixinə dair məlumatlar iştirakçılara verilib.

Azərbaycan Respublikasının Təbrizdəki baş konsulu Əli Əlizadə mərasimdə çıxış edərək 20 Yanvar hadisələrinin Azərbaycanın tarixinə qanlı və eyni zamanda şanlı hərflərlə yazıldığını, rus imperiyasının erməni əsilli ordu birləşmələri tərəfindən törədilmiş 20 Yanvar hadisələrinin əsas məqsədinin Azərbaycan xalqının azadlıq mübarizəsini böğmaq, Azərbaycanı rus imperiyasının tərkibində saxlamaq, müəyyən torpaqlarının Ermənistanın tərkibinə qatılmasını təmin etmək olduğunu bildirib.

Ermənilərin tarix boyu Rus imperiyasının köməyi ilə bir cox Azərbaycan torpaqlarını işğal etməsi faktları, azərbaycanlılara qarşı həyata keçirilən soyqırımlar haqqında məlumat verən Əli Əlizadə 1990-cı ilin yanvar ayının 19-dan 20-nə keçən gecədə də yüzlərlə günahsız və əliyalın Azərbaycan vətəndaşlarının - qadın, qoca və uşaqların vəhşicəsinə qətlə yetirildiyini diqqətə çatdırmış, lakin bu hadisələrin Azərbaycan xalqının azadlıq yolunda mübarizəsini boğa bilmədiyini, Azərbaycan xalqının qələbəsi ilə başa çatdığını, Azərbaycan-müstəqil dövlət olaraq öz adını yenidən tarixə yazdığını qeyd edib.

Baş konsul həmin dövrdə baş vermiş qətliamın qarşısının alınması yönündə heç bir iş görməyən Azərbaycanın o zamankı rəhbərliyinin öz vəzifələrini qorumaq üçün hətta sonradan hadisələrin nəticələrini də ört-basdır eləməyə çalışdıqlarını, yalnız ümummilli lider Heydər Əliyevin həmin dövrdə verdiyi etiraz bəyanatı, KİV-lər qarşısında çıxışı nəticəsində bu hadisələrin dünya ictimaiyyətinin diqqətinə olduğu kimi çatdırıldığını və sonradan da ulu öndərin sayəsində bu hadisələrə siyasi-hüquqi qiymətin verildiyini vurğulayıb.

İran İslam Respublikası vətəndaşı, Təbriz şəhər sakini, folklorşünas Böyükbəy Ələkbəroğlu da anım mərasimində çıxış edərək 1990-cı il hadisələrinin İran xalqı tərəfindən də daim xatırlandığını, SSRİ Ali Sovetinin razılığı alınmadan M.Qorbaçovun əmri ilə Azərbaycan xalqına qarşı erməni əsilli ordu birləşmələri tərəfindən həyata keçirilmiş bu qətliamın əslində bütün müsəlman aləminin dərdi olduğunu qeyd edib.

Çıxışlardan sonra 20 Yanvar faciəsinə dair sənədli film nümayiş etdirilmiş və şəhidlərin xatirəsinə ehsan verilib. Mərasimin sonunda faciəyə dair Azərbaycan və fars dillərində məlumatların əks olunduğu bir çox əyani materiallar mərasim iştirakçılarına paylanıb. Mərasim iştirakçıları Baş Konsulluq tərəfindən hazırlanmış Qanlı 20 Yanvar faciəsinə aid şəkillərdən ibarət foto-stendə baxıb, işğalçı Ermənistan dövlətinin Azərbaycana qarşı terror və təcavüz aktlarını, 20 Yanvar faciəsini özündə əks etdirən kitab, jurnal, buklet və qəzetlərlə tanış olublar.

Mərasimdə İran İslam Respublikası Xarici İşlər Nazirliyinin Şimal-Qərb nümayəndəliyinin rəhbəri, Şərqi Azərbaycan Valiliyinin və Təbriz şəhər fərmandarlığının nümayəndələri, Türkiyə Respublikasının Təbrizdəki baş konsulu və Baş Konsulluğun əməkdaşları, həmçinin, şəhər ictimaiyyətinin nümayəndələri də iştirak ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə