Beyləqan rayonu ərazisində məcburi köçkünlər üçün salınmış Xocavənd qəsəbəsindəki mədəniyyət evində Əməkdar Jurnalist, şair, publisist Əbülfət Mədətoğlunun 55 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Milli Məclisin deputatı Aydın Mirzəzadə, tənqidçi Vaqif Yusifli, Azərbaycan Yazıçılar Birliyinin Qarabağ bölməsinin sədri, şair Ənvər Əhməd, yazıçı Elçin Hüseynbəyli, Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov və başqaları çıxış edərək yubilyarı təbrik edib, həyat və yaradıcılığı barədə danışıblar.
Məlumat verilib ki, Əbülfət Mədətoğlu 1959-cu il yanvarın 1-də Xocavənd rayonunun Tuğ kəndində anadan olub. Tuğ kənd orta məktəbini bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) tarix fakültəsində təhsil alıb. Müxtəlif illərdə "Araz", "Qarabağ", "Azərbaycan ordusu" qəzetlərində işləyən Ə.Mədətoğlu hazırda "Ədalət" qəzetində baş redaktorun müavini kimi fəaliyyət göstərir.
Bədii yaradıcılığa orta məktəb illərindən başlayan Ə.Mədətoğlu dövri mətbuatda vaxtaşırı çıxış etmişdir. Yubilyarın bu günədək "Səməni nəğməsi", "Nilufər çiçəyi", "Dərdini danışan adam", "Nişanə", "Ehtiyacın elçi daşı", "Döymək istədiyim qapılar", "Allah, məni unutma" "Ürəyimdəki sənsən", "Hər görüş bir ümiddir", "Sevgi pıçıltıları", "Yanan məktublar", "Mənim kimi sevə bilsən", "Gözləyənim var" şeirlər və "Qəhrəman İbad", "Zəhmli polkovnik", "Üfüqdə görünən adam" sənədli povestlər kitabları işıq üzü görüb.
Tədbirdə Ə. Mədətoğlunun yaradıcılığına həsr olunmuş videofilm göstərilib, məktəblilər onun şeirlərini söyləyiblər.
Yubilyara rayon icra hakimiyyətinin xatirə hədiyyəsi təqdim edilib.
Sonda Əməkdar Jurnalist, şair Əbülfət Mədətoğlu tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB