“20 Yanvar hadisəsi və onun Azərbaycan ədəbiyyatına təsiri ” mövzusunda elmi seminar keçirilib

“20 Yanvar hadisəsi və onun Azərbaycan ədəbiyyatına təsiri ” mövzusunda elmi seminar keçirilib

"Gənclərin Elmi Araşdırmalarına Dəstək" İctimai Birliyində "20 Yanvar" faciəsinin 24-cü ildönümü ilə əlaqədar "20 Yanvar hadisəsi və onun Azərbaycan ədəbiyyatına təsiri " mövzusunda elmi seminar keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə GEAD İctimai Birliyinin sədri dosent Məmmədəli Babaşlı, AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun "Türk xalqları ədəbiyyatı" şöbəsində baş elmi işçi, filologiya elmləri doktoru Almaz Ülvi Binnətova, gənclər və media nümayəndələri iştirak edib.

Əvvəlcə "20 Yanvar" və torpaqlarımızın azadlığı uğrunda canlarını fəda edən şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilib.

Sonra 20 Yanvar faciəsinə həsr olunan film nümayiş olunub.

Çıxış edən GEAD İctimai Birliyinin sədri dosent Məmmədəli Babaşlı birliyin fəaliyyəti, gördüyü işlər və seminarın əhəmiyyəti barədə iştirakçılara məlumat verib, 20 Yanvar faciəsinin tarixindən, o dövrkü ictimai-siyasi vəziyyətdən danışıb.

Daha sonra 20 Yanvar hadisələri zamanı şəhid olan gənc şairimiz Ülvi Bünyadzadənin bibisi, eyni zamanda AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun "Türk xalqları ədəbiyyatı" şöbəsində baş elmi işçi, filologiya elmləri doktoru Almaz Ülvi Binnətova çıxış edərək "20 Yanvar hadisəsi və onun Azərbaycan ədəbiyyatına təsiri " mövzusunda keçirilən seminarın əhəmiyyətindən danışıb: "20 Yanvar " faciəsinin qan izləri, qurumayan göz yaşları həmişə ədəbiyyatımızda öz aktuallığını qoruyub və qoruyacaqdır. Çünki bu günahsız, əliyalın insanlara qarşı törədilmiş bir faciədir. Hər kəsə məlumdur ki, bu faciə baş verdikdən sonra şairlərimiz, yazıçılarımız qələmə sarılaraq xalqımızın fəryadını dünyaya car çəkdilər. Xalq şairi Qabilin "Mərsiyə"si, Məmməd Aslanın "Ağla, qərənfil, ağla" şeiri, Bəxtiyar Vahabzadənin dörd aya yazdığı "Şəhidlər" poeması, Nəriman Həsənzadənin "Şəhidlər xiyabanı" adlı şeiri daha sonra, xalq şairi Zəlimxan Yaqub, Nəbi Xəzri, Cabir Novruz, Xəlil Rza Ulutürk, Məmməd Araz, Sabir Rüstəmxanlı, Fikrət Qoca, Musa Yaqub, Musa Ələkbərli kimi ədiblərimizin qələmi heç susmadan "20 Yanvar" faciəsindən yazdılar. Yazdılar ki, gələcək nəsillərimiz heç bir vaxt bu faciəni unutmasınlar."

Sonra Ülvi Bünyadzadənin əsərlərinə ön söz və şərhlər yazaraq nəşr etdirən Almaz Ülvi Bünyadzadə və 20 Yanvar şəhidləri ilə bağlı yazılmış olan kitab və məqalələrlə bağlı ətraflı məlumat verdi.Səmimi şəraitdə baş tutan görüşdə İctimai Birliyin üzvlərinin suallarını cavablandıran Almaz Binnətova onlara mövzu ilə bağlı dəyərli tövsiyələrini verib. Görüşün sonunda GEAD İctimai Birliyinin sədri dosent M. Babaşlı səmimi keçən görüş üçün elmlər doktoru Almaz Binnətovaya təşəkkürünü bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə