20 Yanvar faciəsinin iyirmi dördüncü ildönümünün qeyd edilməsinə dair təsdiq edilmiş Tədbirlər Planına əsasən "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində strukturuna daxil olan və tabeliyindəki qurumlar tərəfindən silsilə tədbirlər təşkil olunub. SİA-ya verilən məlumata görə, ilk tədbir "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi Kiçik Karvansarada keçirilib.
"Azadlıqdan keçən yol" adlı konfransda "20 Yanvar" faciəsinə həsr olunmuş məruzələr səsləndirilib, tarixçi alimlər və tədbirin digər iştirakçıları faciənin baş vermə səbəblərini həmin dövrün ictimai-siyasi hadisələri fonunda təhlil edib, bu günü Azərbaycanın müstəqilliyə gedən yoldakı ən şərəfli səhifə kimi qiymətləndiriblər.
Daha sonra "Şirvanşahlar Saray Kompleksi" tərəfindən 189 saylı orta məktəbdə "Qan yaddaşımız" adlı tədbir, "İçərişəhər" Tarix muzeyi, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət muzeyi və Bülbül adına orta ixtisas musiqi məktəbi ilə birgə "Qanlı yanvar faciəsi" adlı tədbir və "Qala" Dövlət Tarix Etnoqrafiya Qoruğunda "Matəmin 24-cü ili" adlı tədbirlər də keçirilib. Tədbirlərdə "20 Yanvar" faciəsinə həsr olunmuş məruzələr, şəhid ailələri və faciə şahidi olan şəxslərin çıxışları, məktəblilərin ifasında şeirlər dinlənilib. Azərbaycan xalqının qan yaddaşına əbədi olaraq hopmuş 20 Yanvar faciəsi ilə bağlı yaradılmış fotosərgilər və unikal fotolardan hazırlanmış slayd-şoular nümayiş olunub. Bununla yanaşı, şəhid ailələrinə İdarə tərəfindən yardım payları təqdim olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB