Fizuli rayonunda 20 Yanvar faciəsinin ildönümü ilə bağlı tədbirlər keçirilir

Fizuli rayonunda 20 Yanvar faciəsinin ildönümü ilə bağlı tədbirlər keçirilir

Fizuli rayonunda 20 Yanvar faciəsinin 24-cü ildönümü ilə bağlı tədbirlər keçirilir. SİA-nın Qarabağ bürosundan verilən xəbərə görə, Horadiz şəhərində yerləşən Füzuli Dövlət Dram Teatrının qarşısında "Qan yaddaşımız" devizi altında kitab sərgisi keçirilib. Sərgidə 20 yanvar şəhidləri və respublikamızın ərazi bütövlüyü uğrunda canlarından keçən igidlərin xatirəsinə həsr olunan kitab və jurnallarla yanaşı, Ermənistanın Azərbaycana qarşı terrorçuluq və təcavüzkarlıq siyasətini ifşa edən əsərlər nümayiş etdirilib. Günün sonunadək davam edən sərgini rayon ictimaiyyətinin üzvləri və şəhərin qonaqları izləyiblər.

Daha sonra rayonda "20 Yanvar - faciə və qəhrəmanlıq dastanı" adlı ədəbi-bədii kompozisiyaya baxış keçirilib. Kompozisiyada 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycanın ərazi bütövlüyünü pozmaq cəhdinə etiraz əlaməti olaraq küçələrə çıxan dinc əhaliyə divan tutmaq məqsədilə Sovet imperiyasının həyata keçirdiyi amansız terror öz bədii əksini tapıb. Vətəni uğrunda canından keçən İlham və sevgisi uğrunda ölümdən çəkinməyən Fərizənin obrazları tamaşaçılar tərəfindən xüsusi maraqla izlənib.

Şamxal Cəliloğlu

Bütün xəbərlər Facebook səhifəmizdə