Elşən Musayev: “Bu dövləti bir daha güdükçülərə təslim etmərik”

Elşən Musayev: “Bu dövləti bir daha güdükçülərə təslim etmərik”

Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev müəllif yazısı ilə çıxış edib. SİA həmin yazını təqdim edir:

Bilmirəm xatırlayırsınız yoxsa yox, amma seçki ərəfəsində "Milli Şura"nı yaradanlar özlərinə çox maraqlı bir şəkildə əl qatmışdılar: ay demokratik qüvvələrin birliyi elə gəldi, birləşmiş müxalifətin ittifaqı belə getdi və s. və ilaxır... Oysa baxın və görün: Bu söhbətin üzərindən yalnızca 5-6 ay müddət keçib. Yəni aralıqda əlahiddə bir zaman kəsiyi də yoxdur. Amma həmin o milli birlik ideyasını özündə guya əxz eləyən, ya da eləməli olan "Milli Şura"hazırda elə bir günə qalıb ki, "dəvəsi ölmüş ərəb" ondan daha yaxşı durumdadır və ya analoji vəziyyətdə ən pis variant nədirsə, radikal müxalifətimiz də həmin variantla hesablaşmağa məcbur olub. Daha doğrusu məhkum olub. Sadəcə, məsələ burasındadır ki, bu bədnam təşkilatı nə dağıdan kimi dağıda bilirlər, nə də saxlayan kimi saxlaya. Ortalıq da elə bax bu səbəbdən qarışıb...

Əvvəl-əvvəl hərənin ağzı bir yerə qaçardı. İndi isə özü qaçır. Həm də arxasına belə baxmadan. Hətta görün vəziyyət hansı məqama qədər irəliləyib ki, rəhbərlik etdiyi partiyanın adındakı hərf sayı üzvlərinin sayından daha çox olan Mirmahmud Fəttayev belə bunlara şərt qoyur, təkəbbür nümayiş elətdirir...

Müsavat getdi, aranı qarışdırdı və indi də kənardan "iynələyir". Ardınca isə deyilənə görə bu estafetə "El" hərəkatı qoşulmalı idi. Amma 2 həftədir qoşulub qurtara bilmir. Niyə? Çünki, bir adam qalmayıb, daha doğrusu tapılmır ki, həmin təşkilatın adından bəyənat versin, ya da tutaq imtina ilə bağlı mətbuata məlumat ötürsün. Yoxdur belə adam, geçəkdən yoxdur! Yalnız ortalıqda Eldar Namazovun özü var. O yazıq da neçə yerə bölünsün? - "Ziyalılar Birliyi"nin ziyalısımı olsun, "Ağsaqqallar Şurası"nın ağsaqqalımı olsun, yoxsa İbrahimbəyovun qovluq daşıyanı, söz aparıb- söz gətirənimi olsun?!

P.S. Asan gəlməsin e sizə. Bütün bu söylədiklərimin eyni anda icrası son dərəcə çətin bir məsələdir. Üstəgəl söhbət və məzmun Namazov kimi tənbəl reneqatın üzərində vaqe olursa, cəmlənirsə...

Ziyalı demiş, yadıma bir məqam da düşdü. Dünən Cəmil Həsənli 60 illik yubileyi münasibətilə 60 qram effekti olmayan bir müsahibə verib. Həmin müsahibədən yalnızca bir cümləlik çıxarışı sizlərin nəzəri diqqətinə çatdırmaq istəyirəm: "Ziyalı olaraq 5-6 nəfər qalmışıq. Mən, İbrahimbəyov, Əylisli, Namazov və barmaqla sayılacaq çox az sayda insan. Eyni zamanda xüsusi olaraq vurğulayım ki, bizləri rəqəm etibarilə deyil, dünya miqyasında, çapında olan mövqeyimiz, yerimiz etibarilə dəyərləndirmək lazımdır".

Nə deyəsən beləsinə? – "Əhsən!". Dırnaq içində də olsa əhsən. Və ya bəhs etdiyi həmin o dünya çapında məhşurluğu əldə etmək üçün öz millətinin haqqını erməniyə yedirdən, onlara kompliment söyləyən Əkrəm Əylisli, ya da Azərbaycana dəxli olmayan və hətta Prezidentliyə namizədliyi irəli sürüldüyü halda belə Rusiya vətəndaşlığından imtinanı gözə ala bilməyən İbrahimbəyov, ən nəhayət bu həyatdakı missiyası qovluq daşımaqdan o yana keçməyən Eldar Namazov... Bunlar Azərbaycan ziyalısı olacaqsa, o zaman əsl ziyalıların taleyi noolsun bəs? Bu həqarəti onlar necə qəbul eləsin? Və ya digər maraqlı məqam: Cəmil Həsənli qeyd etdiyi ziyalı sıralamasına öz adını hamıdan başda qatıb. Oysa, məlum bir həqiqəti unudaraq: Ziyalılıq - insanın özünün özünə verdiyi qiymət deyil, xalqın və ictimayyətin ona ünvanladığı görəvdir, qoya biləcəyi addır, verə biləcəyi statusdur.

Bari, belə şeyləri nəzərə alsınlar, ictimai stereotipləri mənimsəməsinlər!

Hələ deyilənə görə "Müsavat"ın "Milli Şura"nı tərk etdiyi gündən etibarən müxalifət dəhlizlərində belə bir fikir gəzməyə başlayıb ki, İbrahimbəyovun fəxri sədrlik statusu yenidən bərpa olunur. Əsl gülməli məqam da elə bax budur: Seçki vaxtı İbrahimbəyov bunları necə barmağına sarımışdısa, deyəsən indi də qarşı tərəf eyni məzmunlu mexanizmi tətbiq eləməyə çalışır. Və ya ortalıqda 5-10 nəfər adam qalsın, onlar da bir-birini durmadan söysün və həmin söyüş söyənlərin hələ bir fəxri sədri də olsun! – Bu cür analoqsuz nümunələrə yalnız Azərbaycanın müxalif məkanında təsadüf oluna bilər. Ki, elə olunur da!

Yox əgər fəxri sədr olacaq və deyiləcək adamın bir balaca nüfuzu, xarizması varsa o zaman heç nə demirəm-buyursun meydana, "Müsavat" və "AXCP" arasında gedən qanlı döyüşləri sakitləşdirsin. Bacararmı? - Əsla! Niyə? Çünki, 20 ildir kimsə bunu bacarmayıb. Düz 20 ildir Azərbaycan müxalifəti İsa Qəmbər və Əli Kərimli dilemmasının, səddinin qarşısında acız qalıb, girinc qalıb. Səbəb? - Səbəb İbrahimbəyov və Həsənli kimi diletantların siyasi meydana dövr almasıdır. Ortalıqda məhz onlar kimi səbatsızlar var deyə, Qəmbərlər və Kərimlilər müxalif cəbhədə at oynadır, meydan sulayır. Amma əvəzinə daha normalları, daha sanballıları yetişsə inanın bir an içində həmin siyasət qırıntılarının, siyasi ridumentlərin nəfəsi kəsiləcək, anındaca mitilləri bayıra atılacaq. Onlardan əsər-əlamət belə qalmayacaq!

Düz 10 ildir bəzi dostlar məndən israrla soruşur: "Niyə müxalifətə qarşı bu qədər amansız və aqressivsən?" O zaman mən də israrla həmin insanlardan xahiş edirəm: "Yeni Müsavat"və "Azadlıq"qəzetlərinin son bir həftədə çıxan nömrələrini oxusunlar. Amma lütfən diqqətlə oxusunlar. İki ay öncə bir-birinə dost deyə, qardaş deyə xitab edən insanların düşdüyü duruma baxsnlar. Bir-biirinə çəkdikləri qılıncın tiyəsinə, o qılıncı əlində tutanların yiyəsinə baxsınlar. O zaman mənim də söylədiklərimin niyəsini anlayacaqlar!

Azərbaycan boyda dövləti bir-biri ilə qan düşməni olanlara, bir-birinə qənim kəsilənlərə təslim etmək olmaz. Bu millət yazıqdır!

Uzun illər eyni qabdan çörək yeyib, sonunda isə ən kiçik maraqları belə hardasa toqquşdu deyə bir-birinə güdükşü, şərəfsiz, alçaq, satqın deməyi bacaranlar bu məmləkətin başına gələ bilməz, gətirilə bilməz! Buna canımız və qanımız bahasına da olsa imkan vermərik!

Və nəhayət, bu ölkə artıq bir dəfə - 92 dönəmində gədə-mədələrin və ermənidən daha betər xislətli insanların əlinə keçib, elə onlar tərəfindən də dağıdılıb, yaman günə qoyulub. Yox əgər öz dilləri ilə desək - bu güdükçülərə növbəti dəfə həmin şansı tanısaq və Azərbaycanın başında turp əkmə imkanını versək, o zaman əmin olun ki bunu bizə nə tarix, nə bəndə nə də Tanrı əsla bizə bağışlamaz!

Heç bir halda bağışlamaz...

Bütün xəbərlər Facebook səhifəmizdə