BSU-da 20 Yanvar şəhidləri yad edildi

BSU-da 20 Yanvar şəhidləri yad edildi

Bu gün Bakı Slavyan Universitetində (BSU) 20 Yanvar faciəsinin iyirmi dördüncü ildönümünə həsr olunmuş tədbir keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə BSU-nun rektoru, professor Kamal Abdullayev, Milli QHT Forumunun prezidenti Rauf Zeyni, 20 Yanvar Cəmiyyətinin sədr müavini Sahib Əlizadə, QHT nümayəndələri, BSU-nun müəllim və tələbə heyəti iştirak edib.

Tədbirdə çıxış edən professor Kamal Abdullayev dəhşətli itkilərlə, günahsız insanların qətli ilə nəticələnən 20 Yanvar faciəsini Azərbaycan xalqının azadlıq yolunda atdığı ilkin addımlar olduğunu deyib. Rektorun sözlərinə görə, 20 Yanvar hadisələrində çox sayda şəhid verən xalq nəhayət ki, uğrunda mübarizə apardığı azadlığına qovuşdu və 15 respublika arasında ilk dövlət olaraq SSRİ-nin tərkibindən ayrıldı: "Yanvarın 21-də o zaman Moskvada yaşayan Ümummilli Lider Heydər Əliyev heç bir təhlükəyə baxmayaraq, Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gedərək, baş vermiş faciə ilə əlaqədar xalqımıza başsağlığı verib. Ulu Öndər o zaman keçirdiyi mətbuat konfransında isə başda Qorbaçov olmaqla Bakıdakı terror aktına rəvac verən hakimiyyət nümayəndələrini və hərbçiləri cinayətkar, onların dinc əhaliyə tutduqları divanı isə bütöv bir xalqa qarşı edilən tarixi cinayət adlandırıb və bu vəhşiliyə etiraz əlaməti olaraq Kommunist Partiyası sıralarından çıxdığını bəyan edib. 20 Yanvar hadisəsinə ilk siyasi qiyməti verən də məhz dahi şəxsiyyət Heydər Əliyev olub".

Hazırda Ümummilli Lider Heydər Əliyevin ideyalarının mərhələli şəkildə reallaşdığını deyən Kamal Abdulla qeyd edib ki, Azərbaycanın əldə etdiyi uğurlar yaxın zamanda 20% işğal olunmuş torpaqlarımızın geri qaytarılacağının xəbərçisidir.

Rauf Zeyni tədbirdə çıxışında bildirib ki, Sovet hökuməti 24 il öncə 20 Yanvar hadisəsini törətməklə Azərbaycan xalqının azadlıq tələbinin qarşısının alacağını düşünüb: "Lakin bu faciə ölkənin müstəqilliyini qazanmasında son deyil, başlanğıc oldu. 20 yanvar tarixində Azərbaycanın Dövlət kanalının enerji blokunun partladılması nəticəsində Bakıda baş verəcək faciə barədə dünyanın məlumatlanmasını istəməyən SSRİ məqsədinə çata bilməsi. 1990-cı ildə 20 Yanvar hadisəsindən çox az sayda ölkə xəbərdar idisə, hazırda bu faciə barədə dünyanın 70-dən çox ölkəsi genişmiqyaslı məlumata malikdir".

20 yanvar hadisəsindən əvvəl və sonra Azərbaycan xalqının SSRİ-nin təhkimçilik siyasətinə qarşı yumruq şəkilində birləşərək mübarizə apardığını deyən Sahib Əlizadə isə qeyd edib ki, faciənin baş verdiyi gün dinindən, irqindən və milliyətindən asılı olmayaraq, hər bir vətənini sevən azərbaycanlı onun müstəqilliyi uğrunda canından keçməyə hazır idi: "Azadlıq meydanına toplaşan milyonlarla insan öncədən bilirdi ki, SSRİ müstəqilliyini tələb edən xalqa qarşı qadağan olunmuş silahlardan istifadə edəcək. Lakin bütün bunlara baxmayaraq, xalq geri çəkilmədi və bunun nəticəsi olaraq bu gün Azərbaycan bütün sahələr üzrə inkişaf edib, beynəlxalq ictimaiyyətdə tanınıb, həm siyasi, həm iqtisadi, həm də sosial məsələlərdə müstəqil şəkildə sözünü deyə bilən ölkə kimi özünü təsdiq edib".

Tədbirin davamında universitetin müəllimləri 20 Yanvar faciəsi ilə bağlı məruzələr səsləndiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə