Kino Xidməti İdarəsi 20 Yanvar faciəsi ilə bağlı tədbir keçirib FOTOLAR
Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Kino Xidməti İdarəsi 20 Yanvar faciəsinə həsr olunan "Tarixin acısı - Qan Yaddaşımız" adlı tədbir keçirib. SİA-nın məlumatına görə, tədbirdə millət vəkilləri, nazirliklərin, yerli icra hakimiyyətlərinin nümayəndələri, qeyri hökümət təşkilatları və digər şəxslər iştirak edib.
Toplantıda şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə ilk çıxış edən idarənin rəisi Gültəkin Nəriman iştirakçıları salamlayaraq bildirib ki, 20 Yanvar gecəsi Azərbaycan dünyadan təcrid edilmişdi. Onun sözlərinə görə, indiyədək bu faciə özündə çoxlu sirlər saxlayır: "100 cildlik istintaq materiallarının 69 cildi Bakıdan Moskvaya, keçmiş SSRİ prokurorluğuna aparılıb və bir daha geri qaytarılmayıb. Bu gün biz 20 Yanvar faciəsinin Azərbaycan xalqına qarşı məqsədli qırğın, soyqırım aktı olduğunu dünyaya tanıtmalıyıq".
Daha sonra çıxış edən idarənin rəis müavini Cəmil Xəlilov bildirib ki, 20 Yanvar faciəsi öz azadlığına, müstəqilliyinə can atan xalqımızın həm də mübarizliyini, məğrurluğunu nümayiş etdirib: "Həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar".
Tədbirdə çıxış edən Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, 20 Yanvar faciəsi xalqımızın tarixində ən ağır gündür: "Tarixə nəzər salsaq, bir çox ölkələrin tarixində bu cür hadisələri görmək mümkündür. 20 Yanvarı təkcə faciə günü kimi deyil, daha geniş görməliyik. Ona görə ki, bu hadisə ölkəmizi müstəqilliyinə qovuşdurdu, bugünkü inkişafımıza səbəb olub".
Tədbirin davamında söz alan millət vəkili Asim Mollazadə söyləyib ki, hadisədən 24 il keçib və artıq yeni nəsil yaranıb: "Yeni nəsilin bu gün müstəqil yaşaması həmin günlə bağlıdır. 20 Yanvar günü Azərbaycan xalqı üçün şərəfli bir gündür. Biz bu günə görə, şəhidlərimizə borcluyuq. Yeni nəsil 20 Yanvar gününü ölkəmiz üçün şərəfli bir gün olduğunu unutmamalıdır".
Faciə ilə bağlı danışan millət vəkili Fazil Mustafa vurğulayıb ki, hər bir millətin tarixində bu cür hadisələri görmək mümkündür:" Azərbaycan tarixində bir neçə belə hadisə olub ki, bunlardan biri 1918-ci ildə törədilən Mart Soyqırımı, digəri 1920-21 illərdə baş verən Gəncə qiyamıdır. 20 Yanvar faciəsinin yaddaşda qalmasının əsas səbəbi onun nəticəsi ilə bağlıdır. Belə ki, bu faciə mahiyyətcə ölkəmizin müstəqilliyinə gətirib çıxarıb. Bu gün gələcək qələbələr üçün stimulverici rola malikdir".
Tədbirin davamında çıxış edən Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Elçin Mirzəbəyli bildirib ki, Azərbaycan xalqının hadisəyə dair mövqeyi ondan ibarətdir ki, hadisə xalqımızın tarixində qəhrəmanlıq səlanməsidir.
Onun sözlərinə görə, bu faciə Sovet İmperiyasının iç üzünün açılmasına səbəb olub: "Hadisə nəticəsində imperiyanın arxasında qan içən və yırtıcı insanların dayandığı məlum oldu. O zamana qədər onlara qarşı münasibət tam fərqli idi. Lakin 20 Yanvar faciəsi vəziyyəti tamamilə dəyişdi. Bu baxımdan da bu gün faciə günü olmaqla yanaşı, geri çəkilməyən bir xalqın qəhrəmanlıq simvoluna çevrildi".
Tədbirdə C.Xəlilov "Ağla Qərənfil Ağla" şerini səsləndirib və daha sonra sözü şerin müəllifi olan Məmməd Aslana verib.
Şair də öz növbəsində həmin günə həsr etdiyi şeirlərini səsləndirib.
Tədbirdə həmçinin idarə tərəfindən hazırlanan "Tarixin acısı-Qan yaddaşımız" adlı film nümayiş olunub. Filmin qəhrəmanı 20 Yanvar faciəsində şəhid olan Aslan Ağaverdiyevin həyat yoldaşı Zərifə Ağaverdiyevadır. Filmin ssenari müəllifi və rejissor Gültəkin Nərimandır.
Tədbirin davamında çıxış edənlər bu günün Azərbaycan tarixində qan yaddaşı olduğunu vuğulayıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB