“Ayasofya”nın qanundankənar qanunları ARAŞDIRMA

“Ayasofya”nın qanundankənar qanunları ARAŞDIRMA

Yəqin ki, hər biriniz şəhərin müxtəlif yerlərində fəaliyyət göstərən restoran, market və ya özəl müəssisələrin qarşısında ora gələn müştərilərin avtomobillərin üçün dayanacaq yerlərinin ayrıldığını görmüsünüz. Hətta bəzi hallarda bu ərazilər yolun hərəkət hissəsinə düşür. Buna baxmayaraq həmin restoran sahibləri şəxsi mənafeləri naminə vətəndaşların rahatlığını, hətta qanunları pozmaqdan belə çəkinmirlər. Təbii haldır ki, bu məsələ hər kəsdə narazılıq yaradır. Axı yolun hərəkət hissəsində maşın saxlamaq üçün dayanacaq sahəsinin ayrılması səlahiyyəti heç bir sahibkara verilməyib.

Qeyd olunan məsələ ilə bağlı "Səs" Media Qrupa daxil olan şikayətlərə əsasən bu məsələni ətraflı şəkildə araşdırmağı qərara aldıq. Elə ilk olaraq şikayətlərdə adı keçən "Ayasofya" restoranından başladıq. Əvvəla qeyd edək ki, adıçəkilən restoran yol kənarında yerləşir. Restoran sahibi məkanın qarşısına dayanmanı qadağan edən xüsusi nişanlar qoyub və kənar avtomobillərin dayanmasına imkan vermir. Ancaq restorana müştəri qismində gələn vətəndaşların maşınları üçün bu qadağa keçərli deyil.

Baş verənlərin səbəbini öyrənmək üçün adıçəkilən restoranın sahibi ilə görüşdük. Məkan sahibi Rüfət Sultanov atdığı addımın qeyri-qanuni olduğunu etiraf edərək bildirdi ki, bunu yalnız restorana gələn müştərilərin rahatlığı üçün edib: "Restoranımıza gələn müştərilərin maşınlarını saxlamaq üçün dayanacaq yoxdur. Ona görə də restoranın qarşısında digər maşınların saxlanılmasına icazə vermirik".

Konkret olaraq avtomobil park etməyi qadağan edən nişanların qoyulması məsələsinə gəlincə isə Rüfət Sultanov onu da etiraf etdi ki, bu nişanları qoymağa da onların hüquqları çatmır: "Bu ərazi yolun hərəkət hissəsinə düşür. Ancaq biz restoranın qarşısına düşən müəyyən bir ərazini qapatmışıq. Ümumən restoranın mühafizəsini "Riyad Mühafizə Xidməti" təşkil edir. Bütün bu məsələləri onlar həll edirlər".

Əslində maraqli məsələdir. Çünki mühafizə şirkətinin belə məsələləri həll etdiyini birinci dəfə eşidirdim. Deyilənlərin həqiqiliyini öyrənmək üçün "Riyad Mühafizə Xidməti" ilə əlaqə saxladıq. Telefon zəngimizə cavab verən xidmətin Kompyuter və İnformasiya Şöbəsinin rəis müavini Emin Ağayev bildirdi ki, restoranın qarşısındakı ərazidə maşınların saxlanılması üçün Nəsimi Rayon İcra Hakimiyyəti ilə razılıq əldə olunub.

Təəssüf ki, Nəsimi Rayon İcra Hakimiyyətinə dəfələrlə etdiyimiz zənglərə baxmayaraq telefonumuza cavab verən tapılmadı.

Məsələnin digər tərəflərini öyrənmək üçün Nəqliyyat Nazirliyi və Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi ilə əlaqə saxladıq.

Nəqliyyat Nazirliyinin sözçüsü Namiq Həsənovun sözlərinə görə, Bakı Sərnişindaşıma ilə fiziki və ya hüquqi şəxs olaraq müqavilə bağlamayan dayanacaqlar qeyri-qanunidir və nazirlik onlara görə cavabdehlik daşımır, buna qarşı mübarizə ilə əsasən hüquq-mühafizə orqanları məşğul olmalıdır: "Restoran və marketlərin qarşısındakı qeyri-qanuni fəaliyyət göstərən parklanma yerlərində özünü oranın sahibi kimi təqdim edən şəxslər varsa, bu məsələ ilə hüquq mühafizə orqanları məşğul olmalıdır".

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov bildirdi ki, Yol Hərəkəti haqqında qanuna əsasən yolun hərəkət hissəsini heç kəs qeyri-qanuni zəbt edə bilməz: "Özbaşına şlaqbaum, nişan qoya bilməz. Bu və ya digər hərəkətlər yalnız qanunvericiliyin tələblərinə uyğun həyata keçirilməlidir".

Bu kimi halların "Ayasofya" restoranı ilə məhdudlaşmadığını və Azərbaycanda restoranların parklanma yerlərinin olmasına dair dövlət standartının olmamasını nəzərə alaraq mövzuya yenidən qayıdacağıq.

Bütün xəbərlər Facebook səhifəmizdə