Fizika İnstitutunda 20 Yanvar faciəsi ilə bağlı tədbir keçirilib

Fizika İnstitutunda 20 Yanvar faciəsi ilə bağlı tədbir keçirilib

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Fizika İnstitutunda elmi şuranın iclası keçirilib. SİA-nın xəbərinə görə, tədbiri açan institutun elmi işlər üzrə direktor müavini, müxbir üzv Cavad Abidinov AMEA Rəyasət Heyətinin 20 Yanvar faciəsinin 24-cü il dönümünə həsr olunan xatirə tədbirlərinin keçirilməsinə dair sərəncamı haqqında məlumat verib.

O, çıxışında həmin illərdə baş verən hadisələr haqqında danışıb: "1980-ci illərin axırlarında keçmiş Sovet İttifaqında gedən proseslər, ölkə rəhbərliyinin uğursuz "yenidənqurma" siyasəti, milli siyasət sahəsində buraxılan kobud səhvlər bütün respublikalarda olduğu kimi, Azərbaycanda da milli-azadlıq hərəkatının geniş vüsət almasına səbəb olub".

C.Abidinov həmin illərdə Azərbaycanda ictimai-siyasi vəziyyətin kəskinləşməsinin əsas səbəblərindən biri də Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış etməsi, uydurma "Dağlıq Qarabağ" probleminin ortaya atılması ilə bağlı olduğunu söyləyib: "Ölkədə kütləvi iğtişaşların qarşısını almaq bəhanəsi ilə SSRİ rəhbərliyi 1990-cı ilin yanvar ayında Bakıya qoşun hissələri yeritməyə başladı. Yanvarın 19-da axşam Azərbaycan televiziyasının enerji bloku partladıldı".

Cavad Abidinov həmin gecə Bakının müxtəlif rayonlarında sovet əsgərləri tərəfindən 121 insanın qətlə yetirildiyini, 700-dən artıq vətəndaşın yaralandığını vurğulayıb: "Həlak olanların arasında 4 milis işçisi, 1 həkim, 1 aspirant, 3 elmlər doktoru olub".

O, həmçinin o zaman Moskvada yaşayan ümummilli lider Heydər Əliyevin heç bir təhlükəyə baxmayaraq, yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəlməsi, mətbuat konfransı keçirməsi və Kommunist Partiyası sıralarından çıxmasından bəhs edib.

Tədbirin sonunda 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə