Ombudsmanın Quba nümayəndəliyi 20 Yanvar faciəsini anıb

Ombudsmanın Quba nümayəndəliyi 20 Yanvar faciəsini anıb

Ombudsmanın Quba Regional Mərkəzinin əməkdaşları 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar olaraq, yerli QHT nümayəndələrinin və rayon gənclərinin iştirakı ilə Quba şəhərində, habelə rayonun Qəçrəş kənd orta məktəbində müəllim və şagirdlərin iştirakı ilə tədbirlər keçiriblər. Ombudsman Aparatının mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, tədbirlərdə qeyd olunub ki, keçmiş SSRİ rəhbərlərinin göstərişinə əsasən, Bakıya daxil olan silahlı qoşunlar, öz konstitusion hüquqlarının bərqərar olunmasını tələb edən dinc əhalini gülləbaran ediblər. Azərbaycan xalqı sovet imperiyasının və erməni millətçilərinin məkrli planlarının nəticəsi olan 20 Yanvar qətliamından sarsılmadı, azadlığı və suverenliyi uğrunda daha qətiyyətlə mübarizə apararaq 1991-ci ildə öz müstəqilliyini bərpa edib.

Ulu öndər Heydər Əliyevin qanlı şənbə gecəsinin ertəsi günü ölkəmizin Moskvadakı daimi nümayəndəliyinə gələrək, insanlığa qarşı törədilən bu qırğına siyasi qiymət verilməsini, günahkarların cəzalandırılmasını tələb etdiyi vurğulanıb. Həmin tarixi Milli Matəm günü kimi elan edən Ümummilli Liderin təşəbbüsü ilə ilk dəfə olaraq Milli Məclis tərəfindən bu hadisəyə rəsmi siyasi - hüquqi qiymət verildiyi diqqətə çatdırılıb.

Bu günlərdə "20 Yanvar faciəsinin 24-cü ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planının" təsdiqləndiyi, həmin plana əsasən, respublikanın bütün şəhər və rayonlarında toplantı, konfrans və mühazirələrin təşkil olunması, müvafiq tamaşaların, filmlərin nümayişi, faciənin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması, tədris müəssisələrində xüsusi dərslərin keçirilməsinin nəzərdə tutulduğu bildirilib.

Quba Regional Mərkəzinin nümayəndəsi İnsan Hüquqları üzrə Müvəkkilin 1990-cı il 20 Yanvar faciəsinin 24-cü ildönümü ilə əlaqədar Bəyanat yaydığını iştirakçıların diqqətinə çatdırıb. Nüfuzlu beynəlxalq qurumlara ünvanlanan həmin sənəddə dünya ictimaiyyəti və beynəlxalq qurumların Azərbaycanın haqlı tələblərini dəstəkləyəcəyinə, bu qanlı aksiyanın insanlıq əleyhinə cinayət kimi tezliklə beynəlxalq hüquqi qiymətini alacağına, cinayətkarların cəzasız qalmayacağına inam ifadə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə