Gəncliyə Yardım Fondu 20 Yanvar faciəsi ilə bağlı tədbirlər keçirəcək

Gəncliyə Yardım Fondu 20 Yanvar faciəsi ilə bağlı tədbirlər keçirəcək

Hər il olduğu kimi bu il də Türkiyənin "İstanbul Beynəlxalq Qardaşlıq və Yardımlaşma Dərnəyi" nin Azərbaycandakı Nümayəndəliyi və Azərbaycan Respublikası Gəncliyə Yardım Fondu 20 yanvar şəhid ailələrini bir araya toplayaraq onlara azadlığımız uğrunda verdikləri itkidən ötrü başsağlığı, səbr, mətanət və vüqarlı olmağı diləyəcək. Azərbaycan Respublikası Gəncliyə Yardım Fondundan SİA-ya verilən xəbərə görə, tədbirdə hökumət, QHT və KİV nümayəndələri də iştirak edəcəklər.

Görüşün sonunda əvvəlcədən "20 Yanvar Fondu" tərəfindən Türkiyənin "İstanbul Beynəlxalq Qardaşlıq və Yardımlaşma Dərnəyi" nin Azərbaycandakı Nümayəndəliyinə və Azərbaycan Respublikası Gəncliyə Yardım Fonduna təqdim olunmuş siyahılara əsasən 180 şəhid və əlil ailəsinə ailəsinə ərzaq-qida yardımı paylanacaqdır.

Bununla bərabər Azərbaycan Respublikası Gəncliyə Yardım Fondu, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi Birliyi ilə birgə 20 yanvar faciəsinin XXIV ildönümünə həsr olunmuş "20 yanvar faciəsi xalqımızın qəhrəmanlıq səlnaməsidir" mövzusunda tədbir keçirəcək.

Tədbirdə 20 yanvar faciəsini əks etdirən rəsm sərgisi, 20 yanvar faciəsini dünya ictimaiyyətinə tanıtmaq üçün beynəlxalq təşkilatların e-mail ünvanlarına həmin faciəni əks etdirən tam məlumatların yollanması, 20 yanvar faciəsini əks etdirən videoçarxın göstərilməsi və həmçinin orta ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri arasında "20 yanvar faciəsi xalqımızın qəhrəmanlıq səlnaməsidir" mövzusunda keçirilən inşa yazı müsabiqəsinin qaliblərinin mükafatlandırılması, dövlət və qeyri hökumət təşkilatlarının nümayəndələrinin çıxışı olacaq.

"20 yanvar faciəsi xalqımızın qəhrəmanlıq səlnaməsidir" mövzusunda keçirilən inşa yazı müsabiqəsində I, II və III yerləri tutmuş və fərqlənmiş uşaqlar təşkilatçılar tərəfindən müvafiq dərəcəli diplomlar, xatirə hədiyyələri və pul mükafatları ilə təltif olunacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə